Fizioterapevt: Bəzi onkoloji pasiyentlərə seçici yanaşma əsasında fizioterapiyanın bərpa proqramları tətbiq edilə bilər
Bakı, 31 avqust, AZƏRTAC
Müasir fizioterapiyanın tətbiq sahələri çox genişdir. Bu gün təbabətin elə bir sahəsi yoxdur ki, orada fizioterapevtik üsullar istifadə edilməsin. Əvvəllər fizioterapiya yalnız xroniki xəstəliklərdə tətbiq olunurdusa, hazırda ondan müalicə, reabilitasiya, profilaktika, diaqnostika məqsədilə geniş istifadə edilir. Müalicəvi məqsədlə yarımkəskin və xroniki gedişatlı bir çox terapevtik, nevroloji, pediatrik, kardioloji və pulmonoloji xəstəliklərdə bu fiziki amillərdən faydalanılır. Son illərdə tibbin inkişafı nəticəsində artıq bəzi xəstəliklərin kəskin mərhələsində, hətta onkoloji pasiyentlərdə də seçici yanaşma əsasında xüsusi bərpa proqramları tətbiq edilə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə Mikayılzadə deyib.
O qeyd edib ki, hər xəstəyə müalicə təyin etmək xüsusi dəqiqlik tələb edir. Pasiyentlərə fizioprosedurlar yalnız müəyyən müayinələrdən sonra təyin olunmalıdır.
“Fizioterapiyada qızıl qaydalardan biri fərdi yanaşmadır. Xəstənin cinsi, yaşı, orqanizminin həssaslığı, əsas və yanaşı xəstəlikləri nəzərə alınır. Xüsusilə yaş amili çox vacibdir. İstifadə edəcəyimiz metodun intensivliyi, dozası və müddəti yaşa görə dəyişir. Məsələn, qalvanizasiya və elektroforez hətta ilk 1-2 aylıq körpələrə də tətbiq oluna bilər, ultrasəs 2-3 yaşdan sonra, induktotermiya isə 5 yaşından sonra məsləhət görülür. Beləliklə, prosedurları körpənin ilk günlərindən başlayaraq yaşlı insanlara qədər hər kəsə fərdi proqramla tətbiq etmək mümkündür. Bu zaman sinir və ürək-damar sisteminin vəziyyəti mütləq nəzərə alınır. Fizioterapiyanın effektivliyi isə xəstənin bioritmindən asılıdır. Müayinələr göstərir ki, simpatik sinir sistemi üstünlük təşkil edən xəstələrdə müalicəyə cavab reaksiyası səhər saatlarında, parasimpatik sistem üstün olanlarda isə günün ikinci yarısında daha yaxşı ola bilər”, - deyə fizioterapevt vurğulayıb.
Ülviyyə Mikayılzadə fizioterapiya seansından sonra diqqət edilməli məqamlardan söz açıb: “Pasiyentlər bu seansları kurs şəklində qəbul edirlər. Əsas şərt həkimin təyin etdiyi ardıcıllığa dəqiqliklə riayət etməkdir. Prosedurdan sonra hansısa narahatlıq, ürəkdöyünmə, hərarətin qalxması, tətbiq olunan nahiyədə qızartı, şişkinlik və ya ağrı hiss olunarsa, dərhal həkimə məlumat verilməlidir”.