YUVENAL ƏDLİYYƏ SİSTEMİ TƏKMİLLƏŞDİRİLİR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da “Excelsior” mehmanxanasında “Azərbaycanda yuvenal ədliyyə islahatları” mövzusunda konfrans keçirilmişdir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, YUNİSEF və Uşaq Hüquqları üzrə Qeyri-Hökumət Təşkilatı Alyansının dəstəyi ilə təşkil olunan tədbirdə hökumət rəsmiləri, hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Konfransda Azərbaycanda yuvenal ədliyyə sisteminin təkmilləşdirilməsinin əməli üsulları müzakirə edilmişdir.
YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hana Singer Azərbaycanda yuvenal ədliyyə sahəsində aparılan islahatlar barədə danışmışdır. Son illər ölkədə bu sahədə müsbət dəyişikliklər müşahidə etdiyini deyən H.Singer prosesi sürətləndirmək məqsədi ilə işçi qrupunun yaradılmasını təklif etmişdir. O, hazırda yuvenal ədliyyə sisteminə dair müvafiq sənədlərin hazırlandığını diqqətə çatdırmışdır.
Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verən daxili işlər nazirinin müavini Əsgər Ələkbərov bildirmişdir ki, yuvenal ədliyyə sisteminin təkmilləşdirilməsi proqramı çərçivəsində Bakıda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın və hüquqpozuntularının profilaktikası və Psixo-sosial Reabilitasiya Mərkəzi, həmçinin Uşaq Hüquqları Klinikası açılmışdır. İlin sonunadək layihənin ölkənin digər regionlarını da əhatə edəcəyi nəzərdə tutulmuşdur.
Ədliyyə nazirinin müavini Toğrul Musayev bildirmişdir ki, yetkinlik yaşına çatmayanların cinayətlərinin sayı 2005-ci illə müqayisədə 130 fakt azalmışdır. Ölkədə ümumi məhkum olunanlar arasında yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlər 2 faiz təşkil edir. 70 faiz uşağa isə azadlıqdan məhrumolunma cəzası tətbiq edilməmiş, onlar ictimai işlərə cəlb olunmaqla cəzalandırılmışlar. Problemlərin həlli məqsədi ilə azyaşlılar üçün müvafiq məhkəmələr yaradılmalıdır.
ATƏT-in Azərbaycandakı nümayəndəsi Xose Luis Herrero Ansola təmsil etdiyi qurumun yuvenal ədliyyə sistemi ilə bağlı layihəni dəstəklədiyini bildirmişdir.
Konfransda yuvenal ədliyyə sahəsində mövcud qanunvericilik barədə danışılmış, “2007-2008-ci illər ərzində “Yuvenal ədliyyə islahatları” pilot proqramının nəticələri barədə məlumat verilmişdir.
Tədbirdə yuvenal ədliyyə sisteminin islahatları üzrə qurumlararası işçi qrupu yaradılmışdır.