“ZAMANIN AXARI İLƏ”
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Nizami Xudiyevin “Zamanın axarı ilə” kitabının 2-ci cildi çapdan çıxmışdır.
Xatırladaq ki, kitabın I cildində alimin ədəbi dilimiz, onun problemləri, inkişaf və zənginləşmə yolları, ədəbi dilin tarixi, nitq mədəniyyəti və s. mövzularda məqalələri, müsahibələri toplanmışdı.
Yeni nəşr sisteminə, quruluşuna və tədqiqat obyektinə görə I cildin davamıdır. Elə bu səbəbdəndir ki, müəllifin həmin cilddəki “Oxuculara” müraciəti II cildə də daxil edilmişdir.
İkinci cildə müəllifin son dövrlər qələmə aldığı elmi-publisistik məqalələri, müxtəlif qəzetlərdə çap olunmuş müsahibələri, bir sıra elmi əsərlərə verdiyi rəylər, Milli Məclisdəki bəzi çıxışları, televiziya filmlərinə yazdığı ssenarilər salınmışdır. Yazılar tarixi xronologiyaya görə deyil, mövzular üzrə qruplaşdırılmışdır. Buna baxmayaraq, materiallar toplusuna, müəyyən mənada, son dövr tariximizin kiçik bir salnaməsi kimi baxmaq olar. Nəşrin həm birinci, həm də ikinci cildləri hansı mövzuya toxunmasından asılı olmayaraq, öz dövrünün məhsuludur. Müəllifin iddia etdiyi kimi, bu kitabları vərəqləməklə biz həm dünənimizə bağlanacaq, həm də sabahımız haqqında düşünə biləcəyik.
Topluya müəllif haqqında 2006-cı ildə “İlin ziyalısı” kitabında (“Vektor” nəşrlər evi) dərc olunmuş “Görkəmli alim, ləyaqətli ziyalı” məqaləsi də salınmışdır.
Yeni kitabda materiallar “Məqalələr, müsahibələr”, “Rəylər”, “Çıxışlar”, “Ssenarilər” bölmələrində toplanmışdır. Əminik ki, “Müasir Azərbaycanın qurucusu”, “Şah İsmayıl Xətai və Azərbaycan dili”, “Cavad Heyət dünyası”, “Orxon-Yenisey abidələri və Azərbaycan dili (leksika)”, “Azərbaycanda təhsil alan türkiyəli tələbələrin dil problemləri”, onlarca digər materialları, ulu öndər Heydər Əliyevdən, İhsan Doğramacıdan, Çanaqqaladan, türk fatehləri Əmir Teymur və İldırım Bəyazitdən, qədim və yeni türklərdən bəhs edən ssenarilər oxucuların marağına səbəb olacaqdır.
“Azərnəşr”də işıq üzü görmüş kitabın elmi redaktoru filologiya elmləri doktoru Qəzənfər Kazımovdur. Nəşrə filologiya elmləri doktorları Adil Babayev, Rüfət Rüstəmov rəy vermişlər.