Zaqatalada anım tədbiri - “Şəhidlər ölməz, Vətən bölünməz!”
Zaqatala, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Cəmi 44 gün davam edən bu müharibədə Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərərək düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovdu. Bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsində qazanılan Qələbə ədalətin təntənəsidir və Azərbaycan xalqının qan yaddaşında əbədi qalacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zaqatalada keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı rayon tədbirində səsləndirilib.

Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını, “Zəfər kompleksi” abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, Vətən müharibəsi şəhidi Əhməd Laçınovun anası Züleyxa Laçınova, müharibə iştirakçısı Laçın Gülüyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Zaqatala rayon şöbəsinin sədri Telman Ramazanov və başqaları çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində, eləcə də ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Anım Günü ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası keçirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.