REGİONLAR
Zaqatalada indiyədək 3369 hektar sahədə taxıl əkilib
Zaqatala, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 3 min 369 hektar sahəyə arpa və buğda toxumu səpiblər. Cari mövsümdə rayonda 11 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Sektor müdiri bildirib ki, payızlıqların əkini üçün indiyədək təsərrüfatlarda 7,5 min hektar sahədə şum qaldırılıb, toxumçuluq təsərrüfatları tərəfindən 952 ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Eyni zamanda, fermerlər səpin üçün lazım olan yerli və xaricdə istehsal edilmiş toxumları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Toxum Fondunun Zaqatalada açdığı “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağazadan da ala bilərlər.
Qurum rəsmisinin sözlərinə görə, əkin kampaniyasına 154 şum traktoru, 22 toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.