Zaqatalalı gənclər sahibkarlıq fəaliyyəti barədə maarifləndiriliblər
Zaqatala, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan “Sahibkarlığın inkişafı - təcrübə, imkanlar və nailiyyətlər” layihəsi çərçivəsində gənclərin maarifləndirilməsi məqsədilə Zaqatala rayonunda təlimlər keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin təşkilatçılığı ilə rayonun Car, Aşağı Tala, Muxax və Danaçı kəndlərində sahibkarlığa marağı olan gənclər üçün təşkil edilən və 4 gün davam edən təlimlərdə gənclərə iki hissədən ibarət təlim proqramı təqdim olunub.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimin birinci hissəsində təlimçi İlkin Həbilov tərəfindən layihə iştirakçılarına “Mən biznesmen ola bilərəm?”, “Nə üçün biznes?”, “Biznes qurmağa qarşı olan içimizdəki müqaviməti necə aradan qaldıraq?”, “Biznesmen hansı keyfiyyətlərə sahib olmalıdır?” mövzularında geniş məlumat verilib.
İkinci hissədə isə iştirakçılar “Biznesdə doğru zaman formaları”, “Biznesin formaları hansılardır?”, “Biznes sahələri” və “Doğru biznes ideyasının seçimi” mövzularında məlumatlandırılıblar.