DÜNYA
Zelenski: Martın əvvəlindən Rusiya Ukraynaya qarşı 130 raket, 900-ə yaxın idarəolunan aviasiya bombası atıb
![Zelenski: Martın əvvəlindən Rusiya Ukraynaya qarşı 130 raket, 900-ə yaxın idarəolunan aviasiya bombası atıb](/files/2024/1/1200x630/17108809145064134337_1200x630.jpg)
Kiyev, 20 mart, AZƏRTAC
Martın əvvəlindən Rusiya Ukraynaya qarşı müxtəlif tipli 130 raket, eləcə də 900-ə yaxın idarəolunan aviasiya bombası atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram səhifəsində məlumat verib.
Prezidentin sözlərinə görə, Rusiya hər gün və hər gecə ukraynalılara qarşı pilotsuz təyyarələrdən, raketlərdən istifadə edir. Yalnız bu ayın əvvəlindən Rusiya Ukraynaya qarşı 320 “Şahed” kamikadze dronu atıb.
Zelenskinin fikrincə, Ukrayna sübut etdi ki, düşmən raketlərini və pilotsuz təyyarələrini effektiv şəkildə vura bilir, həmçinin Rusiya hərbi təyyarələrini məhv edə bilir. Bu, minlərlə insanın həyatını xilas edir və Ukrayna iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə imkan verir.
"Ancaq bizim daha çox müdafiəyə – tərəfdaşlarımızın çox real sayı olan hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”, - deyə Zelenski əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev