REGİONLAR
“Absheronxeber.az” informasiya portalı 5 yaşını qeyd edib VİDEO
Xırdalan, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında baş verən yenilikləri işıqlandıran “Absheronxeber.az” portalının 5 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Əvvəlcə portalın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yaradıcı kollektivi təbrik edərək bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxsahəli islahatlar və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə söz və mətbuat azadlığı təmin olunub.
Qeyd olunub ki, 2013-cü ildən fəaliyyət göstərən saytda Abşeronda baş verən hadisələr, quruculuq-abadlıq işləri, yeniliklər barədə oxuculara operativ məlumatlar verilir. Reportaj, tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri və digər janrlarda materiallar təqdim edilir. Eyni zamanda, ölkə əhəmiyyətli məlumatlar, xəbərlər öz əksini tapır.
Saytın baş redaktoru Şamo Əliyev “absheronxeber.az” haqda məlumat verərək bildirib ki, portal yarandığı vaxtdan bu günədək oxucuların etibarını qazanmaq və dolğun məlumatlar çatdırmaq üçün çalışır. Sayt 12 bölmədən ibarətdir və burada Abşeron rayonunun yaranma tarixindən müasir dövrünədək mühüm məlumatları almaq olar. Perspektiv işlərdən danışan Ş.Əliyev xəbər portalının bir neçə yeni layihələri haqqında da məlumat verib.
Tədbir çay süfrəsi arxasında davam edib.
Bir qrup KİV nümayəndəsinə səmərəli əməkdaşlığına görə rayon icra hakimiyyəti adından hədiyyələr təqdim olunub.