CƏMİYYƏT
Anar Bağırov: Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı Avropa Məhkəməsinə müraciətimiz gələn il müsbət nəticələnə bilər VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilən müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələ ilə bağlı lazımi prosedurlar mütəmadi qaydada davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov dekabrın 12-də jurnalistlərə açıqlamasında deyib.
A.Bağırov bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər və müraciətlər prosedura uyğun olaraq hər iki tərəfə ünvanlanır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb.
Azərbaycan dövlətinin və ölkə ictimaiyyətinin bu məsələni daim diqqət mərkəzində saxladığını vurğulayan Vəkillər Kollegiyasının sədri qeyd edib: “Bu, ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən vətəndaşlarımızın hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqət göstərir”.