Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib  YENİLƏNİB VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

- Cənab Prezident, əvvəlcə NTV adından Sizə çox təşəkkür edirəm. Belə bir tarixi dövrdə - həm bölgə üçün, həm Azərbaycan üçün əhəmiyyətli günlərdə bu sıx qrafikinizdə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm.

- Sağ olun.

- Birinci sualım cəbhə xətti ilə bağlı olacaq, cənab Prezident. İşğal altındakı ərazilərin sentyabrın 27-dən bəri nə qədəri geri alındı? Çünki son iki gündə gözəl xəbərlər gəlməyə başladı.

- Bəli, xəbərlər gəlir. Azərbaycan Ordusu demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılardan azad edildi. Onu da deyim ki, həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir.

Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir.

- Zənnimcə, Xankəndinə yaxınlaşdınız.

- Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. Cəbrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda, Füzuli rayonunun bir çox kəndlərini işğalçılardan azad etdik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək. Eyni zamanda, şimal istiqamətində Suqovuşan qəsəbəsinin işğalçılardan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. O da strateji əhəmiyyətə malikdir. Çünki orada həm yüksəkliklər böyük əraziyə nəzarət etməyə imkan yaradır, həm də orada çox önəmli su anbarı yerləşir. Eyni zamanda, Ermənistan bizə qarşı, su terroru təşkil etmişdir və bizim yüz mindən çox hektar torpağımızda su yox idi. Biz artezian quyuları qazmalı idik. İndi Suqovuşan qəsəbəsində yerləşən anbar bizim nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir.

Ona görə biz əməliyyatımızı tədricən, vahid bir planlama əsasında aparırıq. Bütün hədəflər seçilib. Ermənistan tərəfi, sadəcə olaraq, bu reallıqla hesablaşmalı və təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və qalan torpaqlardan da öz xoşu ilə çıxmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələ sülh yolu ilə həll edilsin.

- Cənab Prezident, soruşmaq istərdim, hələ də atəşkəsdən söhbət getməsi mümkündürmü? Gördüyümüz kimi, Ermənistan atəşkəsə əməl etmir, - Gəncəyə hücum zamanı mən də Gəncədə idim, - əməl edəcək kimi də görünmür. Bu atəşkəs Azərbaycan Ordusunun sürətini azaltdımı? Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, biz vasitəçilərə çox böyük bir jest etdik. Çünki bilirsiniz ki, ilk günlərdən bizə atəşkəslə bağlı müxtəlif yerlərdən mesajlar gəlirdi. Təbii ki, dünyanın öz qaydaları var, müharibənin öz qaydaları, öz qanunları var. Əgər sənə kimsə hücum edirsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən. Bildiyiniz kimi atəşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlərdir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlb etdik. Ancaq təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək bizə yeni hücumlar təşkil etdi. Təkcə Gəncə şəhəri deyil, digər şəhər və kəndlərimiz də bombalandı. Bu, müharibə cinayətidir, bu, terror aktıdır. Ermənistan terror ölkəsi kimi bir daha öz sifətini bütün dünyaya göstərdi, eyni zamanda, döyüş meydanında da. Atəşkəsdən sonra onlar bu imkanlardan istifadə etmək istədilər və Hadruta iki-üç dəfə hücum etdilər, Hadrutu yenidən işğal etməyə çalışdılar. Amma buna nail ola bilmədilər və orada çox böyük canlı qüvvə və texnika itirdilər. Digər istiqamətlərdə - Cəbrayıl rayonunda, Cəbrayılın cənub istiqamətində Araz çayı boyunca bizə qarşı yenə hücumlar təşkil edilmişdir. Bütün bu hücumlar təbii ki, dəf edildi. Bütün bunlar onu göstərir ki, Ermənistan danışıqlar masası arxasında da səmimi deyil. Ona görə əgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaqlar. Mən bu döyüşlərin ilk saatlarından onlara və erməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq təəssüf ki, Ermənistan buna əməl etmir. Bu gün döyüş meydanında Ermənistan ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi-siyasi rəhbərliyidir.

- Qarabağ probleminin həllində Türkiyənin də iştirakının vacibliyinə dair Sizin açıqlamanız var. Dünən cənab Ərdoğan ilə Putinin danışığından sonra Minsk qrupu və ikitərəfli əlaqələr çərçivəsində həllə dair Ankarada açıqlama verildi. Ancaq dünən Sergey Lavrov etiraz etdi, dedi ki, Türkiyə ilə biz - Rusiya Qarabağ məsələsində fərqli mövqelərdəyik. Nə düşünürsünüz? Rusiya nə üçün Türkiyənin prosesə daxil olmasına, - bunu Siz də dəstəkləyirsiniz, - etiraz edir? Bu mövqe ilə nə demək istəyir?

- Onu onlardan soruşsanız daha yaxşı olar. Mən onların bu açıqlamalarını şərh etmək istəməzdim. Sadəcə olaraq, biz mövcud reallıqları gərək nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son illərin tarixi göstərmişdir. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik.

Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər.

Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil.

Biz mövqeyimizdə qalırıq və əlbəttə, ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır.

- Yenə həmin açıqlamada dedi ki, əgər iki ölkə - Azərbaycan və Ermənistan qəbul edərsə, təmas xəttinə, yəni cəbhə xəttinə rus hərbi müşahidə heyətini göndərə bilərik. Siz buna necə yanaşırsınız? Hərbi baxımdan belə bir müşahidə heyəti yaradılacaqsa hansı ölkələr olmalıdır? Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, bu məsələ - sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi baza prinsiplərində təsbit olunub. Yəni, baza prinsipləri arasında bu da var. Amma bu məsələ prosesin son mərhələsində öz həllini tapmalı idi. Nəzərə alsaq ki, baza prinsipləri razılaşdırılmayıb, hələ ki, onlar, sadəcə olaraq, müzakirə mövzusudur, indidən bu məsələyə fikir bildirmək, bilmirəm, nə dərəcədə düzgün ola bilər.

Bir də ki, bu məsələ Ermənistan-Azərbaycan arasında geniş müzakirə olunmadığı üçün sülhməramlı qüvvələrin kimdən təşkil edilməsi, hansı ölkələr orada olmalıdır, bunun tərkibi necə olacaq, bu, heç müzakirə olunmayıb. Ona görə indiki şəraitdə - münaqişənin fəal mərhələsi hələ ki, davam edir, bu, hesab edirəm ki, bir qədər tezdir. Əlbəttə ki, bu işdə Azərbaycanın sözü mütləq nəzərə alınmalıdır və alınacaq. Çünki hər kəs bilməlidir ki, bu gün münaqişə Azərbaycanın torpaqlarında gedir. Beynəlxalq hüquq baxımından bu, bizim torpağımızdır, tarixi ədalət baxımından bu, bizim torpağımızdır və Azərbaycana hər hansı bir başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil.

- Ona görə soruşdum, misal üçün Türkiyə və Rusiya Suriyada müəyyən bölgələrdə müəyyən əməkdaşlıq edirlər, hərbi heyətlər, müşahidəçilər patrul xidməti həyata keçirir. Bəlkə gələcəkdə belə bir format təklif edilərsə, bu barədə nə deyə bilərsiniz?

- İndidən bu barədə bir şey söyləmək istəməzdim. Çünki mən hadisələri qabaqlamaq istəmirəm. Hər bir məsələnin həlli üçün münasib zaman olmalıdır, münasib vəziyyət yetişməlidir. Bu, nə zaman olacaq, biz bunu deyə bilmərik, olacaqmı, olmayacaqmı deyə bilmərik. Amma bir şey qətidir, artıq bu hərbi qarşıdurma başa çatandan sonra təbii ki, sülhü təmin etmək üçün müəyyən beynəlxalq cəhdlər də olmalıdır. Bu cəhdlər hansı cəhdlər olacaq, siyasi cəhdlər, hərbi sahədə hansısa bir təkliflər, bunu biz nəzərdən keçirməyə hazırıq. Təbii ki, azad edilmiş ərazilərə qayıdacaq Azərbaycan əhalisi də sülh şəraitində yaşamalıdır. Onların təhlükəsizliyi təmin edilməlidir. Bax, Ermənistanın Ermənistan ərazisindən Gəncə şəhərinə törətdiyi o xain hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər. Ona görə təbii ki, bu məsələ beynəlxalq müstəvidə müzakirə edilməlidir. Ancaq bunun nə zaman olacağı haqqında bir şey deyə bilmərəm.

- Cənab Prezident, Türkiyə ilə müəyyən çərçivələrdə hərbi razılaşmalar var. Bu razılaşmalar çərçivəsində, ya da yeni razılaşmalara əsasən Azərbaycanda bir Türkiyənin hərbi bazasının qurulması fikrinə necə baxırsınız? Belə bir fikriniz varmı?

- Bu haqda bu günə qədər bizim ikitərəfli əlaqələrdə məsələlər müzakirə olunmamışdır. Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var. Yəni, bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir, o cümlədən bu müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqqında hər hansı bir müzakirə olmamışdır. Bizim hərbi sahədə işbirliyimiz ildən-ilə güclənir. Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Bu il koronavirusa görə bir az ara verildi. Yalnız iki dəfə təlim keçirilmişdir. Ancaq bu təlimlər də bizim bölgəmizdə böyük narahatlıq yaratdı. Hesab edirəm ki, bu narahatlığın heç bir səbəbi, heç bir əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi mənasını daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günədək beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər genişşaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir.

- Problemin həllində Siz ya sülh yolu ilə müzakirə tərəfdarısınız, ya da müharibə apararaq bu işi həll edəcəksiniz deyirsiniz. Ruslar, Moskva isə dünən hərbi həlli qəbul etmirik dedi. Bunu necə dəyərləndirirsiniz, yəni əməliyyatı dayandırın deyirsə, dayandıracaqmısınız?

- Bilirsiniz, biz artıq bir neçə dəfə bu məsələ ilə bağlı öz mövqeyimizi açıqladıq. Mən də bunu söylədim, yenə də mən öz fikrimdə qalıram ki, demək olar bütün yerlərdən bizə ünvanlanan mesajlar, təkcə bu dövrdə deyil, bundan əvvəlki dövrdə də bu məsələnin hərbi həlli yoxdur. Biz də buna necə deyərlər, vaxtından əvvəl heç bir reaksiya vermirdik. Onlar belə söyləyir, söyləsinlər, onların fikri budur, bizim də fikrimiz odur ki, bu, sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Amma biz nə gördük, bu 30 il heç bir nəticə vermədi. Otuz il ərzində bu atəşkəs rejimində Ermənistan işğal edilmiş torpaqlarda güclü mühəndis-istehkam qurğuları qurmuşdur. Bu gün Azərbaycan Ordusunun peşəkarlığı və cəsarəti nəticəsində biz o istehkamları yarırıq. Otuz il ərzində Ermənistan sülhə yox, bu torpaqları daim işğal altında saxlamağa səy göstərmişdir. Çünki əgər sən sülhə meyilli olsaydın, niyə Füzulidə, niyə Cəbrayılda, yaxud da ki, Ağdam istiqamətində bu istehkamları qurursan? Qurursan ki, daim bu torpaqları öz nəzarətin altında saxlayasan. Yəni, bu sülh, atəşkəs prosesi buna gətirib çıxardı. Ondan sonra Ermənistan rəhbərliyi daha da azğınlaşdı. Baxın, Paşinyan nələr söyləyirdi, onun müdafiə naziri nə söyləyirdi? Müdafiə naziri söyləyirdi ki, biz Azərbaycanla yeni müharibə aparacağıq, yeni torpaqlar uğrunda yeni müharibə. Bu, bizə qarşı açıq hədə idi. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Yəni ki, bir santimetr torpaq bizə verilməyəcək. O zaman hansı sülh yolları ilə bunun həlli mümkündür? Mən isə deyirdim ki, biz indi məsələnin hərbi yollarla həlli prosesindəyik. Biz istəyirik ki, bu proses nə qədər tez olsa bitsin və ondan sonra diplomatik proses başlasın. Yəni, bizim yanaşmamız budur ki, bu məsələ hərbi-siyasi yollarla çözülsün. Tək hərbi yolla həll edilə bilməz. Mən bunu qəbul edirəm. Çünki fəal toqquşma prosesindən sonra tərəflər gərək sülh müqaviləsi haqqında düşünsünlər və bunu etsinlər. Yəni, siyasi yollar olacaq. Ona görə hərbi-siyasi yol ən məqbul yoldur. Biz hərbi yolu dayandırmaq istəyirik. Ancaq Ermənistan hələ də düşünür ki, itirilmiş, yəni, bizim azad etdiyimiz torpaqları geri qaytaracaq. Ona görə döyüş meydanında da bizə daim hücum edir.

- Cənab Prezident, o zaman bunu anlayıram ki, qarşı tərəf masaya oturmağa razı olana qədər siz cəbhədə irəliləyəcəksiniz.

- Biz irəliləyəcəyik. Bir də ki, onlar gərək atəşkəsə riayət etsinlər. Çünki onlar atəşkəsi pozdular. Günorta saat 12-dən atəşkəs elan edildi. Biz bütün hərbi birləşmələrimizə çox ciddi əmr verdik ki, atəşkəsə riayət edin, dayandırın. Halbuki bunu etmək o qədər də asan deyil. Biz saat 12-də dayandıq, amma onlar dayanmadı. Ondan sonra təqribən 1 saat ərzində biz yenə də özümüzü müdafiə etmək üçün hərəkətə keçdik və yenə də bir neçə kəndi azad etdik. Ona görə Ermənistan nəhayət anlamalıdır ki, bu yolla o, heç nəyə nail olmayacaq. Yalnız atəşkəsə onlar əməl etməlidirlər. Hesab edirəm Ermənistan rəhbərliyi bu məsələ ilə bağlı yeni bir açıqlama verməlidir ki, onlar atəşkəsə sadiqdir və buna əməl edirlər. O zaman biz də dayanaq. Amma əlbəttə proses daha illər boyunca davam edə bilməz. Ondan sonra bizə təqvim verilməlidir. Biz Moskva görüşlərində təqvim üçün o qədər də israr etmədik. Çünki bir gün ərzində bunu razılaşdırmaq çətin bir işdir. Biz bunu anlayırıq. Ancaq sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir. Tarixlər verilməlidir. Hansı tarixlərdə qalan torpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə, biz davam edəcəyik, dediyim kimi sona qədər.

- Yəni, bunu başa düşürük, əgər Ermənistan hücumları dayandırarsa, atəşkəs həyata keçərsə yeni bir müzakirə prosesi başlayır və zəmin formalaşdırılacaq. Moskvadakı müzakirədə başa düşdüyümüz qədər Minsk 2007, 2009, 2012 Madrid prinsiplərindən bəhs olunmadı. Amma o prinsiplərin ilk maddəsi, səhv etmirəmsə, yeddi rayondan geri çəkilməklə bağlı idi.

- Bəli, doğrudur.

- Siz o prinsipləri hələ də gündəmdə saxlayırsınızmı, yoxsa, onları yeniləmək lazımdır?

- Yox, onları gündəmdə saxlayırıq. Mən bunu artıq açıqlamışam. Biz Madrid prinsipləri adlandırılan təməl prinsiplərə sadiqik. Çünki bu prinsiplər bizim maraqlarımıza cavab verir. Onsuz da Ermənistan bu prinsipləri qəbul etmədiyi barədə artıq açıqlama vermişdir. Mənə verilən məlumata görə, Ermənistanın baş naziri dünən, ya ondan əvvəlki gün belə bir açıqlama vermişdi ki, bu, onlar üçün keçərli deyil. Yəni, kim danışıqlar prosesini pozur? Ermənistan. Biz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdə mövcud olan binalara sancırıq, biz zəfər marşındayıq. Belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplərinə sadiqik. Siz dediyiniz kimi orada göstərilib ki, 5 rayon birinci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağın gələcəyi ilə bağlı söhbət aparılacaq. Azərbaycan köçkünləri Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar, - çünki Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar idi, - Xankəndiyə qayıtmalıdırlar və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, başqa şəhərlərdə azərbaycanlı və erməni əhali bir yerdə yaşadıqları kimi orada da bir yerdə yaşayacaqlar. Bizim mövqeyimiz budur. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, - necə ki, bunu etdilər, - sonra azərbaycanlılara imkan verməmək ki, qayıtsınlar, - orada etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə-yeksan etmək, azərbaycanlıların mədəni irsini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax, onların yanaşması budur, bizim yanaşmamız isə budur.

- Daha fərqli bir sualım da var. Dünən Paşinyan bir açıqlama verdi, Azərbaycan Ordusu şimaldan və cənubdan irəliləyir, Sizin də söylədiyiniz kimi. Dedi ki, biz, əslində, bir taktika olaraq oradan çəkildik. Bu barədə nə deyə bilərsiniz?

- Bu, Paşinyanın növbəti yalanıdır. Bilirsiniz, hər bir məsuliyyətli adam gərək yalan danışmasın. Hər bir insan. Xüsusilə siyasətçi, xüsusilə ölkə başçısı. Bu, heç bir insana yaraşan deyil. Onun isə bütün əməli, bütün sözü yalandır - tarixlə bağlı, bu münaqişə ilə bağlı, bu gün baş verən hadisələrlə bağlı. O, əgər bunları bilmirsə, o zaman necə ali baş komandan olur? Əgər real durumu ona demirlərsə, o zaman o, öz hərbi rəhbərlərinə irad tutmalıdır. Əgər bilib yalan danışırsa, - mən daha çox bu versiyaya inanıram, - o zaman bu, böyük ayıbdır.

Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirib. Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü, - Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur, - 33 tank, özü də saz vəziyyətdə, indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava hücumuna qarşı müdafiə sistemi məhv edildi, 35 ədəd OSA hava müdafiə sistemi məhv edildi, KRUQ KUB və başqa texnikalar. Beləliklə, erməni ordusunun texniki təchizatı çox sarsıldı, yəni çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu onları daha da sarsıdacaq. Erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizi eşitsin.

- Cənab Prezident, başa düşdüyümə görə otuz illik problem həll ediləcəkmi? Mənə elə gəlir ki, həll ediləcək, amma mən Sizdən soruşmaq istəyirəm. 1990-cı illərdən bəri davam edən bu işğal problemi bu dəfə həll ediləcəkmi, yoxsa, hər kəs bir nöqtədə duracaq, bir status-kvo formalaşacaq və o status-kvo davam edəcəkmi? Tam həll reallaşacaqmı, reallaşmayacaqmı? Bəlkə erkən bir sualdır, amma nə deyə bilərsiniz?

- Məncə artıq həll edilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və bu məsələ ilə yaxından məşğul olan ölkələr bunu görürlər və bu, yeni reallıqdır. Bu yeni reallığı biz təşkil etdik və bu məsələ həll olunur. Çünki baza prinsiplərində göstərilmişdir ki, birinci mərhələdə 5 rayon bizə qaytarılır. Onlardan artıq 2 rayonun böyük qismi, tam deyil hələ, amma böyük qismi artıq bizdədir. Əgər Ermənistan yenə də mənfi davranış nümayiş etdirərsə, ümid edirəm ki, yaxın gələcəkdə digər rayonlar da bizdə olacaq. Bu, məsələnin həlli deyilmi? Yəni, biz, əslində, baza prinsiplərini döyüş meydanında həyata keçiririk, gerçəkləşdiririk. Minsk qrupu buna nail ola bildimi? Xeyr, ola bilmədi. Ona görə bu məsələnin həlli, bir daha demək istəyirəm ki, hərbi-siyasi yollarla mümkündür. Hərbi yol hazırda baş verir, biz istəyirik ki, nə qədər tez olursa-olsun, bitsin, ondan sonra siyasi proses başlansın və baza təməl prinsipləri də əsas olsun.

Məsələnin həll edilməməsinin səbəbi, ilk növbədə, beynəlxalq təşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. Çünki Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bildiyiniz kimi, 1993-cü ildə 4 qətnamə qəbul etmişdir və orada göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz, yəni, heç bir şərt qoymadan çıxmalıdır, tam həcmdə. Amma bu, icra edildi? Edilmədi. Sonra Minsk qrupu yaradıldı, ondan bir il öncə yaradıldı, 28 il ötdü, bir şey oldu? Olmadı. Yəni, bizə elə gəldi ki, sanki beynəlxalq təşkilatlar münaqişənin bu vəziyyətdə saxlanmasına tərəfdardırlar ki, necə var elə də qalsın. Azərbaycan köçkünləri əbədi olaraq belə vəziyyətdə qalsın. Ermənistan işğal edilmiş torpaqlarda daha da möhkəmlənsin. Bilirsiniz, orada qanunsuz məskunlaşma aparılırdı. Qanunsuz! Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına zidd olan məsələdir. Onlar erməniləri Suriyadan Dağlıq Qarabağa, Şuşaya köçürürlər, onlara imkan yaradırlar, pul verirlər və artıq bunu televiziyalarda açıq nümayiş etdirirlər. Yəni, bu, beynəlxalq müstəvidə qəbul edilmiş cinayətdir. Onların istəyi budur ki, vaxt keçsin, Azərbaycan xalqı bu torpaqlardan əlini üzsün. O torpaqları görməyən yeni nəsil yetişəcək və o nəsil oraya qayıtmaq istəməyəcək. Azərbaycan bu vəziyyətlə barışacaq, bununla paralel olaraq, ermənilər başqa ölkələrdən oraya gətiriləcək, orada erməni əhalisi çoxalacaq, sabah da deyəcəklər ki, “bilirsiniz, artıq reallıq budur, barışın”. Bu idi onların məqsədi və təəssüf ki, onların hamiləri, onların havadarları bu işlərdə onlara yardımçı olmuşlar. Biz bu məkrli, çirkin planları məhv etdik. Biz yeni reallıq yaratdıq. Bu gün gərək hər kəs bu reallıqla razılaşsın və barışsın.

- Mən Sizə bir mesaj da gətirdim. Tərtərdə bombardman zamanı sığınacağa girmişdik. Bir vətəndaş vardı, məcburi köçkün, oradan köçmüş. Reportaj hazırlayarkən dedi ki, artıq mən köçkün deyiləm. Dedi ki, mən azad bir vətəndaşam, Suqovuşandan gəlmişdi. Dedi, əgər Prezidentlə qarşılaşsanız, ona hörmətimizi, sevgimizi və salamlarımızı çatdırın. Anladığımıza görə, regionda balanslar artıq dəyişib. Yəni, əvvəlki balanslar - status-kvo yoxdur. Daha da dəyişəcək. Həm dünyaya, həm də Türkiyəyə hansı mesajlar vermək istərdiniz?

- İlk növbədə, istəyirəm ki, həmin vətəndaşa sizin televiziya vasitəsilə öz sözlərimi deyim. Mən şadam ki, bu gün onun kimi bu sözləri deyən minlərlə insan var. Onlar sevincdən göz yaşları tökürlər, deyirlər ki, mən artıq köçkün deyiləm. Mən bu köçkünlük vəziyyətindən canımı qurtarmışam. Bilirsiniz, mənə minlərlə məktub gəlir. Bu məktubları oxuyanda, sözün düzü, mən də bəzi hallarda sevinc göz yaşlarımı saxlaya bilmirəm. O məktublarda o qədər səmimi, o qədər isti, o qədər qürurverici sözlər yazılır və mənə mesaj kimi çatdırılır. O məktubları oxuyanda bir daha görürəm ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidlərlə yaşamaq, ümidlərlə ki, gün gələcək və onlar öz dədə-baba ocağına qayıdacaqlar. Bu, doğrudan da böyük fədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini biz hamımız bizim insanlara bəxş edə bildik.

Bir daha demək istəyirəm, məna artıq bunu demişəm, orada hər şey dağılıb. İnşallah, bu hərbi toqquşma başa çatandan sonra siz də, biz hamımız da - bütün insanlar gedib görəcəklər ki, ermənilər orada hansı vəhşiliyi törədiblər. Bütün şəhərlər darmadağın edilib, yəni, Stalinqraddan da pis mənzərə. Evlər dağıdılmış, bizim bütün əmlak talan edilmiş, çərçivələr, qapılar sökülmüş, yəni talançılıq. Heç nə yoxdur. İndi Füzulinin kəndlərindən bizim əsgərlərimiz xəbər verir, materiallar göndərir. Füzuli şəhəri də artıq bizim gözümüzün qabağındadır. Orada bir dənə də salamat bina tapmaq mümkün deyil. Yəni, bu vəhşiliyi törətdilər. Amma köçkünlərimiz bilirlər ki, biz o şəhərləri, kəndləri bərpa edəcəyik. Evləri inşa edəcəyik. Onlar oraya qayıdacaq və sülh, əmin-amanlıq şəraitində öz dədə-baba torpaqlarında yaşayacaqlar.

O ki qaldı, bölgədə mövcud olan duruma, təbii ki, durum dəyişir. Əgər son illər ərzində bizim bölgəmizdə daha geniş mənada dəyişən mənzərəyə nəzər salsaq, görərik ki, bir çox yeniliklər var. Əvvəllər sanki bir doqmalar var idi - bu ölkələr müttəfiqdir, bu ölkələr müttəfiq deyil, yaxud da ki, bunlar bir-birinə qarşıdır. Ancaq indi bu dəyişdi. Misal üçün NATO üzvü olan Türkiyə indi Rusiya ilə çox səmərəli əməkdaşlıq edir, həm Suriyada, həm Liviyada, başqa yerlərdə və eyni zamanda, artıq danışdığımız kimi bizim bölgəmizdə. Bu, bir yenilikdir. Bunu 10 il bundan əvvəl kimsə desəydi bəlkə də inanmazdıq. Eyni zamanda, NATO-nun daxilində bəzi ölkələr arasında münasibətlər o qədər də səmimi deyil. Bu da bir yenilikdir. Orada sanki həmrəylik pozulur. Avropa İttifaqı ilə əlaqədar olan hadisələr. Kimin ağlına gələ bilərdi ki, Böyük Britaniya Avropa İttifaqından çıxacaq və ondan sonra bir böhran yaranacaq. Heç kimin ağlına gələ bilməzdi. Yəni, ənənəvi fərziyyələr artıq yoxdur. Hansı ölkə buna daha tez uyğunlaşsa, o ölkə də öndə olacaq.

Bizim siyasətimiz hər zaman praqmatik olub - real durumu düzgün təhlil etmək, öz maraqlarımızı düzgün təsbit etmək. Bu maraqlara necə nail olacağıq, bunu düşünmək, taktikamızı yaratmaq, strateji baxış çərçivəsində taktiki gedişlərdə düzəlişlər etmək. Ancaq bununla bərabər prinsipial mövqeyimizdən dönməmək. Bu siyasət bu gün bizə uğur gətirir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan dünyanın yeni nizamına daha tez hazır olmuş ölkələr sırasındadır. Eyni zamanda, Türkiyə bu gün dünya miqyasında böyük güc kimi dünyanın yeni nizamının formalaşmasında çox fəal rol oynayır. Təkcə bizim regionda deyil, dünyada.

O ki qaldı, bizim regionumuza, artıq Türkiyə-Azərbaycan birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da güclənəcək. Çünki Türkiyənin potensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Orta Asiyadan, Əfqanıstandan Azərbaycan və Türkiyə ərazilərindən yeni nəqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir. Yeni bir nəqliyyat xəritəsi mövcuddur. Yeni enerji xəritəsi mövcuddur. Mən gələcəyi çox nikbin görürəm. Mən əminəm ki, biz istədiyimizə nail ola biləcəyik. Çox şadıq ki, bizim Türkiyə kimi qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən, maraqlarını müdafiə edən, heç kimdən çəkinməyən və irəliyə gedən. Bu, bizim gücümüzü artırır. Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiyə bir nömrəli müttəfiqdir. Bu, böyük sərvətdir. Bu hadisələr bizim əlaqələrimizi daha da möhkəmləndirdi.

- Cənab Prezident, sonuncu sualım olacaq, çox qısa. Bu dəfə dayanmayacağıq deyirsiniz və bizim şərtlərimiz işğal altındakı torpaqlar azad edilənə qədər gedəcəyik deyirsiniz. Sizi səhv anlamadım ki?

- Yox, doğru anladınız. O mənada ki, bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz döyüş meydanında dayanmağa hazırıq. Əgər Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaq proses olaraq biz dayanmayacağıq. Biz istəyirik ki, artıq hərbi proses siyasi prosesə çevrilsin. Ermənistan buna hazırdırsa və beynəlxalq təşkilatlar, böyük ölkələr Ermənistanı inandıra bilərlərsə, bu, daha tez bir zamanda olacaq. Yox, o zaman Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək.

- Cənab Prezident, mən 1993-cü ilin ilk aylarında burada cəbhə bölgəsində idim. 1994-cü ildə rəhmətlik dövlət başçısı cənab Heydər Əliyev ilə görüşdüm. Bakıda bura o zaman yox idi, deyəsən.

- Eləmi? Görüşdünüz? Bu, yox idi, bu, sonra inşa edildi.

- Bu gün də Sizinlə görüşdüm, yəni, iki dövlət başçısı ilə görüşdüm. 1993-cü ildə cəbhədəki vəziyyətlə indiki vəziyyət çox fərqlidir, xeyli çox fərqlidir. Bunu da gördük.

- Doğrudur.

- Sizə çox təşəkkür edirəm. Sonda bir mesajınız, ya da ki, sözləriniz varsa, onu da eşitmək istəyirəm. Qəbul etdiyiniz və suallarımızı cavablandırdığınız üçün həm NTV, həm də öz adımdan çox təşəkkür edirəm.

- Çox sağ olun. Mən də təşəkkür edirəm, NTV-nin bütün əməkdaşlarına salamlarımı çatdırın. Azərbaycanda türk kanalları əvvəllər də izlənilirdi, bu dövrdə demək olar ki, daha geniş auditoriyaya malikdir. Mən özüm də hər səhər tezdən televizoru açanda, o cümlədən türk kanallarına da baxıram, o cümlədən NTV-yə. Bu günlər ərzində Türkiyə mətbuatında və Türkiyə cəmiyyətində bizə göstərilən dəstək və həmrəylik əsl qardaşlıq təzahürüdür. Biz bir daha gördük ki, atamın məşhur kəlamı “Bir millət, iki dövlət”, sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Bu reallığı biz yaratdıq.

Bilirsiniz, dünyada bir çox ölkələr var ki, o ölkələrin xalqları bir-birinə yaxındır - etnik, dini, mədəniyyət, dil baxımından. Ancaq bu, o demək deyil ki, o ölkələr arasında möhkəm işbirliyi, qardaşlıq olsun. Belə misallar çoxdur, siz də bunu yaxşı bilirsiniz. Bizim üstünlüyümüz odur ki, Türkiyə və Azərbaycan prezidentləri - əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bu təməl - ortaq tarix, etnik köklər və dil üzərində elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi qalacaq. Bizdən sonra gələn nəsillər də hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu möhtəşəm bir bina olacaq - Türkiyə-Azərbaycan qardaşlığı binası. Mən bütün qardaşlarıma, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz tək deyilik. Qardaşım Tayyib bəyin dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə güc verir.

Eyni zamanda, onu da bir daha demək istəyirəm, bu gün başqa ölkələrin bu işlərə qarışmamasının əsas səbəbi də ilk saatlardan hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarıdır ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, işin sonuna qədər də yanında olacaq.

Bir daha təşəkkür edirəm və bütün türk qardaşlarıma xoşbəxtlik, rifah arzulayıram.

- Çox təşəkkür edirəm, cənab Prezident.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib  YENİLƏNİB VİDEO

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər