REGİONLAR
Ağcabədidə Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib VİDEO
Ağcabədi, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilir. Ağcabədi şəhərindəki və rayonun kəndlərindəki küçələrə şəhidlərin adlarının verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərinin küçələrinə Vətən müharibəsi şəhidləri Xəyal Həziyev, Mirəli Hüseynov, Məhəmməd Məmmədov və Həsən Süleymanovun adları verilərək, xatirələri əbədiləşdirilib. Həmin küçələrdə şəhidlərin ad və tərcümeyi-hallarını əks etdirən xatirə lövhələri vurulub.
Yanvarın 29-da Ağcabədi rayon ictimaiyyətinin və şəhidlərin ailə üzvlərinin iştirakı ilə küçələrə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının adlarının verilməsi mərasimləri keçirilib. İştirakçılar şəhidlərin adlarını daşıyan küçələrdə yerləşən lövhələrin önünə tər çiçək dəstələri qoyaraq, xatirələrini ehtiramla anıblar.
Ağcabədi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanıb.