Qubada şagird sayı az olan 58 məktəbdə beşgünlük dərs sistemi tətbiq olunacaq VİDEO







Quba, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC
Fevral ayının 1-dən məktəblərdə tədrisin başlanması ilə əlaqədar Quba rayonunun ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fevral ayından rayondakı 135 məktəbin hər birində dərslərə start veriləcək. İlkin mərhələdə I-IV siniflərdə təhsil alan 12 min 624 şagirdin məktəblərə əyani təhsilə cəlb olunması nəzərdə tutulub. Rayonda şagird sayı az olan 58 məktəbdə beşgünlük dərs sistemi tətbiq olunacaq.
Rüfət Hacıyev bildirib ki, bütün təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həyata keçirdiyi dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək.