CƏMİYYƏT
FHN: Bakıda güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb VİDEO
Bakı, 10 may, AZƏRTAC
Ötən gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. Bununla bağlı paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Yasamal rayonunun İnşaatçılar prospektindəki beşmərtəbəli binanın dam örtüyündə peyk antenasının qopub asılı vəziyyətdə qalaraq, düşmə təhlükəsinin yaranması barədə daxil olmuş məlumat əsasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupu dərhal hadisə yerinə cəlb edilib və antenanın ərazidən kənarlaşdırılması təmin olunub.
Bundan əlavə, Nərimanov rayonunun Təbriz küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünün qoparaq yerə tökülməsi və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə 112 - qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə ünvanına cəlb edilən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görüb və ərazini təhlükəsizlik lenti ilə çəpərləyiblər.
Nazirlik əhaliyə bir daha müraciət edərək təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.