1 iyun - dünya uşaqlarının sevincli günüdür
Bakı, 24 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konsert proqramı təqdim olunub. Konsertdə T.Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən, qadınların beynəlxalq konfransında təsis edildiyini deyib. Bundan sonra həmin günün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşdüyünü söyləyən A.Bayramova Azərbaycanda uşaq problemlərinin hər zaman diqqət mərkəzində olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxladığı, ölkəmizdə indi də uşaqlara qayğının ildən-ilə artdığı vurğulanıb. Bildirilib ki, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biri uşaqların xoşbəxtliyidir və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva nəcib missiyası ilə uşaqların ən böyük dostu və himayədarıdır.
Tədbirdə məktəbin müəllimi Raya Abbasova bu günün uşaqların həyatında mühüm rol oynadığını söyləyib.
Valideynlər musiqi məktəbinin müəllimlərinə və rəhbərliyinə uşaqlarına göstərilən qayğıya görə təşəkkür ediblər.
Sonda musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri ifa olunub.