2008-Cİ İLİN BİRİNCİ RÜBÜNDƏ LERİKDƏ SOSİAL MƏSƏLƏLƏRİN HƏLLİNƏ DİQQƏT ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, bu fikir Lerik Rayon İcra Hakimiyyətində 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş şura iclasında səslənmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov yığıncaqda məruzə ilə çıxış etmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 14-də Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələri diqqətə çatdıran icra hakimiyyətinin başçısı, ötən üç ayda ölkəmizdəki iqtisadi yüksəlişin, sosial sahədə irəliləyişin Lerik rayonunda da davam etdiyini, iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələrin qazanıldığını bildirmişdir.
Rayonda cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulları istehsalının 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalının 14 faiz, rabitə xidmətinin 32,6 faiz, ticarət xidmətinin 268 faiz artdığını, orta aylıq əmək haqqının 25,7 manat artaraq 136,4 manat təşkil etdiyini, 254 yeni iş yerinin açıldığını vurğulayan R.Bağırov, bu dövrdə sosial məsələlərin həllinə diqqətin artırıldığını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, 2008-ci ilin birinci rübündə Lerik qəsəbəsinə təbii qaz xəttinin çəkilişi başa çatdırılmış, Ordahal kəndinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Qəsəbədə 500 yerlik stadion, 78 saylı Lerik-Lənkəran seçki dairəsi dairə seçki komissiyası və DSMF-nin rayon şöbəsi üçün yeni inzibati binalar inşa olunmuşdur. Piran kəndindəki kərpic zavodunda yeni beton sexi istifadəyə verilmiş, Şingədulan kəndində 512, Veri kəndində 216 nömrəlik yeni elektron tipli ATS-lər quraşdırılmış, qəsəbədə 18 mənzilli binanın tikintisində işlər davam etdirilmişdir. Rayon polis şöbəsinin inzibati binası və yardımçı tikililəri, XVI əsrin tarixi memarlıq abidəsi olan «Babagil» türbəsi əsaslı təmir edilmiş, qəsəbənin küçə və meydanlarında işıqlandırma sistemi yenisi ilə əvəzlənmiş, Züvüc, Qələbin və Qosmalyan kəndlərinə yeni su xətləri çəkilmiş, rayonda turizmin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilmişdir.
Toplantıda çıxış edənlər uğurlarla yanaşı, işdə yol verilmiş nöqsanları da ətraflı müzakirə etmiş, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.