DÜNYA
2020-ci ilin sonuna qədər İsveç iqtisadiyyatı 7 faiz azalacaq
Stokholm, 30 aprel, Rauf Əliyev AZƏRTAC
2020-ci ilin sonuna qədər İsveç iqtisadiyyatı 7 faiz azalacaq.
AZƏRTAC İsveçin Milli İqtisadi Tədqiqatlar İnstitutunun proqnozuna istinadla xəbər verir ki, qlobal iqtisadiyyatda yaranan böhran nəticəsində cari ildə bu ölkənin ümumi daxili məhsulu (ÜDM) 7 faiz azalacaq.
İqtisadiyyatın bir çox sahələrindəki problemlərlə yanaşı, işsizlərin sayında da kəskin artım yaşayan İsveç artıq ciddi çətinliklərlə üzləşib. Yaranmış çətinlikləri aradan qaldırmaq üçün dövlət on milyardlarla avro cəlb olunmasını nəzərdə tutan bir neçə proqram qəbul edib. Lakin bütün bunlara baxmayaraq, Milli İqtisadi Tədqiqatlar İnstitutu ölkənin dərin iqtisadi böhranla üzləşdiyini qeyd edərək, yaxın gələcəkdə iqtisadiyyatın daha sürətli azalmasını gözlədiyini bildirib. Hesabata əsasən, İsveçin xidmət sektoru və ixracı ağır zərbə alıb.
Qeyd edək ki, İsveçin hökumət ekspertlərinin gözləntilərinə görə, bu il ölkə iqtisadiyyatının azalması 2007-2009 qlobal maliyyə böhranı illərində qeydə alınan səviyyədə olacaq. O vaxt İsveç iqtisadiyyatı son 50 ilin ən böyük tənəzzülünü yaşamışdı.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm