İQTİSADİYYAT
İtaliyalı iş adamları Azərbaycanın potensialı barədə məlumatlandırılıb VİDEO
Roma, 24 oktyabr, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində Roma Avropa Fondunun və Avropa Təşəbbüsü Fondunun üzvləri, eləcə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin iqtisadi inkişafı, ümumi daxili məhsulun və qeyri-neft sektorunun artımı, postmünaqişə dövrünün yaratdığı iqtisadi fürsətlər və imkanlar, biznes mühiti və xarici sərmayədarlar üçün yaradılan əlverişli şərait barədə danışıb.
Diplomat Azərbaycanın nəhəng enerji layihələri ilə yanaşı, irimiqyaslı nəqliyyat-logistika layihələri ilə də regional tranzit-logistika qovşağına çevrildiyini bildirib. Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizinin regional əməkdaşlıq üçün üstünlüklərindən danışılıb, Qarabağda yeni Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradıldığı qeyd edilib.
Səfir deyib ki, çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri qarşılıqlı maraqlara və dostluğa əsaslanır. Ölkələrimiz arasında əməkdaşlığın əsasını enerji sektoru təşkil edir, lakin siyasi-institusional və humanitar sahələrdə də əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanlar var.
R.Aslanov Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərindən, “yaşıl enerji” zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edib. Çoxsaylı İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən azad edilmiş ərazilərin yenidən qurulması layihələrinə cəlb edildiyini bildirib. Vurğulanıb ki, İtaliya iş adamları Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlanır.
İtaliya Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının üzvü Ettore Rosato bildirib ki, Azərbaycan uzun illərdir İtaliyanın əsas neft təchizatçısıdır. Azərbaycan TAP boru kəmərinin istismara verilməsi ilə İtaliyanın əsas təbii qaz tədarükçülərindən birinə çevrilib. Deputat iki ölkənin əlaqələrinin daha da inkişafı sahəsində mövcud potensialdan da söz açıb.
Ölkələrimiz arasındakı möhkəm iqtisadi əlaqələrdən danışan İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndəsi Karlo Lannone isə deyib ki, İtaliya Azərbaycanın, Azərbaycan isə Cənubi Qafqaz regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşıdır.
Sonda italiyalı iş adamlarını maraqlandıran suallar cavablandırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma