Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH
Bakı, 7 avqust, AZƏRTAC
Xarici işlər naziri Ceyhun Bayramovun iyulun 17-də Moskvaya rəsmi səfərindən təxminən üç həftə sonra - avqustun 6-da Kiyevə səfər etməsini Azərbaycanın son illərdə formalaşdırdığı balanslı, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursunun diqqətəlayiq təzahürü kimi qiymətləndirmək olar. Bununla belə, Azərbaycanın yanaşmasını “bərabər məsafə” prinsipi ilə izah etmək mənzərəni tam əks etdirməzdi. Burada söhbət daha çox strateji muxtariyyətə, müxtəlif güc mərkəzləri ilə münasibətləri onların hər biri üzrə konkret milli maraqlar əsasında qurmaq qabiliyyətinə söykənən diplomatiyadan gedir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Əbülfəz Babazadə səsləndirib.
O bildirib ki, Moskva səfərinin məzmunu bu baxımdan kifayət qədər xarakterik idi: “Bu səfər xüsusən ona görə əhəmiyyətli idi ki, Azərbaycan-Rusiya münasibətlərində əvvəlki aylarda müşahidə olunan mürəkkəb mərhələdən sonra tərəflər əməkdaşlığın davamına siyasi iradə nümayiş etdirdilər. Rusiya Azərbaycanın böyük qonşusu, mühüm ticarət tərəfdaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin əsas iştirakçılarından biri və Cənubi Qafqazdakı iqtisadi-siyasi proseslərə təsir imkanları olan dövlətdir. Buna görə Bakı üçün Moskva ilə işlək siyasi dialoqun saxlanılması praqmatik dövlət maraqlarının mühüm komponentidir. Moskva danışıqlarında iqtisadi əlaqələrin, nəqliyyatın və hökumətlərarası mexanizmlərin xüsusi yer tutması da münasibətlərin praktik məzmununun ön plana çəkildiyini göstərir”.
Əbülfəz Babazadənin sözlərinə görə, Azərbaycanın xarici işlər nazirinin Kiyev səfəri dövlətin xarici siyasətinin digər mühüm prinsipini – dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi: “Ceyhun Bayramov Ukraynada keçirdiyi görüşlərdə Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyini təsdiqlədi, hərbi əməliyyatların mümkün qədər tez başa çatdırılmasının və münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında diplomatik vasitələrlə həllinin vacibliyini vurğuladı. Kiyev səfərinin siyasi çəkisini artıran başqa bir məqam onun geniş gündəliyidir. Azərbaycanın və Ukraynanın xarici işlər nazirləri strateji tərəfdaşlığın inkişafını, ticarət, investisiya, enerji, nəqliyyat, humanitar əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdilər. Prezident Volodimir Zelenski ilə görüşdə enerji, müdafiə əməkdaşlığı və Qara dəniz təhlükəsizliyi də gündəliyə daxil edildi. Bu proses apreldə Ukrayna Prezidentinin Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların davamı kimi də qiymətləndirilə bilər. Həmin səfər çərçivəsində iki ölkə arasında 6 sənəd imzalanıb, təhlükəsizlik, energetika və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret çərçivə formalaşdırılıb”.
Ekspert deyib ki, Ukraynaya səfərin iqtisadi və enerji ilə bağlı ölçüsü xüsusilə diqqətəlayiqdir: “Bakı Kiyevlə enerji əməkdaşlığını genişləndirməyə, zərurət yarandığı halda Ukraynaya Azərbaycan qazının tədarükü imkanlarını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. Bununla yanaşı, Azərbaycanın İrpendə həyata keçirdiyi bərpa layihələri, Ukraynaya göstərilən 50 milyon dollardan artıq humanitar yardım və ukraynalı uşaqlar üçün reabilitasiya proqramları münasibətlərə humanitar və praktik məzmun verir. Beləliklə, Azərbaycan–Ukrayna əlaqələri siyasi həmrəylik çərçivəsini aşaraq enerji, iqtisadiyyat, bərpa və humanitar əməkdaşlığı birləşdirən çoxşaxəli tərəfdaşlıq modelinə doğru inkişaf edir. Düşünürəm ki, Moskva və Kiyev səfərlərinin ardıcıllığının əsas siyasi mesajı da məhz burada ortaya çıxır. Azərbaycan xarici siyasətini üçüncü tərəflərin qarşıdurma məntiqinə uyğunlaşdırmaq əvəzinə, hər bir istiqamətdə öz milli maraqları və beynəlxalq hüquq prinsipləri əsasında hərəkət etməyə çalışır. Bu yanaşma Azərbaycanın regional diplomatik çəkisini də artıra bilər. Rusiya ilə işlək dialoqa, Ukrayna ilə etimada əsaslanan münasibətlərə, Türkiyə ilə müttəfiqliyə, Avropa ilə enerji və nəqliyyat tərəfdaşlığına malik Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir. Bakı formal vasitəçilik təşəbbüsü irəli sürməsə belə, qarşıdurmanın müxtəlif tərəfləri ilə danışmaq imkanını qoruyan aktor kimi əlavə diplomatik kapital əldə edir”,- deyə o qeyd edib.