İQTİSADİYYAT
“CIDC-2023”ün final mərhələsində 20 komanda mübarizə aparacaq YENİLƏNİB VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbirinin keçirilməsinə cəmi iki gün qalıb. “CIDC-2023” sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbirinə həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Səidə Əhmədova bildirib.
Səidə Əhmədova qeyd edib ki, tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının final mərhələsi keçiriləcək. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməlidirlər. Final mərhələsinə 20 komanda adlayıb. Qalib gələn komanda tədbirin ikinci günündə açıqlanacaq.
Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunacaq. Təlimçilər sıralarında həm yerli, həm də xarici mütəxəssislər mövcuddur. Tədbir iştirakçıları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual “quiz”lərdə iştirak edib hədiyyələr qazanmaq imkanını əldə edəcəklər. Təlimdən keçənlərə sertifikat veriləcək.
Tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arasında netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur.