Nazir: Sosial islahat paketi üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Son illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatlar 4 milyon vətəndaşı əhatə edib, islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib.
O bildirib ki, bu ilin əvvəlindən icrasına başlanılan 5-ci sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
“44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin, müharibə əlillərinin və veteranların, eləcə də digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu çərçivədə 131 minədək şəxsə 388 min sosial xidmət göstərilib, sosial ödənişlərin məbləğləri orta hesabla 2 dəfə artırılıb. Bununla yanaşı, əmək hüquqlarının qorunması və layiqli əməyin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir”,- deyə o qeyd edib.
A.Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda 2030-cu ilə kimi Məşğulluq Strategiyasının, habelə “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Qanunlarının qəbul olunması nəticəsində işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi gücləndirilib, əhatə dairəsi genişlənib, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqi təmin edilib.