Sosial Xidmətlər Agentliyinin əməkdaşı: İndiyədək 230-dan çox ukraynalı uşaq ölkəmizdə reabilitasiya proqramlarına cəlb edilib VİDEO
Şəki, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən dövrdə, ümumilikdə, 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb edilib. Belə səfərlərin məqsədi həmin uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə, eyni zamanda, onların cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşı Sərvər Abdullayev söyləyib.
Qurumun rəsmisi bildirib ki, Agentliyin təşkilatçılığı ilə bu dəfə 30 nəfərdən ibarət daha bir qrup ölkəmizə səfər edib. Onlar artıq Bakı, Qəbələ və Şəkinin müxtəlif görməli və tarixi yerləri ilə tanış olublar. “Belə səfərlərdə uşaqlara həm ölkəmizin tarixi məkanları, görməli yerləri barədə məlumat verilir, eyni zamanda, onlar müxtəlif qrup terapiyalarına, eləcə də meditasiya və yoqa məşğələlərinə, ustad dərslərinə cəlb edilir, milli adət-ənənələrimizlə, rəqslərimizlə, mətbəximizlə tanış olurlar”,- deyə Agentliyin əməkdaşı vurğulayıb.