Nazirin birinci müavini: Rəqəmsal iqtisadiyyat Azərbaycanın qeyri-neft sektorunun inkişafında əsas drayverə çevrilir VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, eyni zamanda iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Critical Infrastructure Defence Challenge-2025" tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müxtəlif fəaliyyət sahələrində uğura nail olmaq üçün 3 əsas komponent özünü hər zaman doğrultmaqdadır: Tənzimləyici mexanizmlər, alətlər (texniki və texnoloji həllər) və insan kapitalı.
“Nazirlik tərəfindən rəqəmsal bacarıqların gücləndirilməsi istiqamətində həyata keçirilən “Coursera National Academy” layihəsi vasitəsilə 40 minə yaxın vətəndaş 187 mindən çox kursa qoşulub və onlardan 68 mindən çoxu uğurla tamamlanıb. Layihə çərçivəsində ümumilikdə 600-dən çox kibertəhlükəsizlik kursu mövcuddur. Ümumilikdə, 276 min saatdan artıq tədris materialı izlənilib ki, bu, ölkədə rəqəmsal savadlılığın, texnoloji adaptasiyanın və mütəxəssis potensialının artdığını nümayiş etdirir. Bu tipli layihələr informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində insan kapitalının formalaşdırılmasına öz müsbət təsirini göstərməkdədir və bu tipli layihələrin genişləndirilməsi arzuolunandır”, - deyə Elnur Əliyev bildirib.
Nazirin birinci müavinin sözlərinə görə, rəqəmsal iqtisadiyyat Azərbaycanın qeyri-neft sektorunun inkişafında əsas drayverə çevrilir: “Rəqəmsallaşma əmək məhsuldarlığını artırır, resurslardan istifadənin səmərəliliyini yüksəldir və yeni iş yerləri yaradır. Dünya Bankının hesablamalarına görə, rəqəmsallaşma səviyyəsində 10 faiz artım ÜDM-də 1–1,5 faiz artım deməkdir. Lakin bu artım yalnız etibarlı və təhlükəsiz rəqəmsal mühitdə mümkündür. Deməli, kibertəhlükəsizliyə artan xərclər kateqoriyası kimi deyil, iqtisadi dayanıqlığa sərmayə kimi baxılmalıdır. Beynəlxalq analitiklərin hesablamalarına görə qlobal səviyyədə 2024-cü ildə kiberhücumların iqtisadi zərəri 8 trilyon dolları ötüb, 2025-ci il üçün isə bu xərclərin 10 trilyon dolları ötəcəyi proqnozlaşdırılır. Azərbaycanda rəqəmsal hökumətə və rəqəmsal iqtisadiyyata keçidi təmin edən lokal və qlobal informasiya sistemləri arasında inteqrasiyaların mövcudluğunu nəzərə alsaq rəqəmsal təhlükəsizlik üzrə həllərin, kadr potensialının formalaşdırılması iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından önəmlidir”.