Ötən il reallaşdırılan islahat zərfi çərçivəsində əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlər də artırılıb VİDEO
Bakı, 15 yanvar, AZƏRTAC
Ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfi reallaşdırılıb. Üç milyon vətəndaşı əhatə edən və illik əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrıldığı həmin islahat zərfi çərçivəsində ötən il əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
"Keçən ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və 1,1 milyon pensiyaçını əhatə edən həmin artımlar üçün illik əsasda 520 milyon manat vəsait ayrılıb. Həmçinin fərdi şəxsi hesablardakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb. Ötən il fevralın 1-dən minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb", - deyə Z.Mirzəyev qeyd edib.