Qax-İlisu avtomobil yolu qardan təmizlənir VİDEO
Qax, 15 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Son günlər şimal-qərb rayonlarında da qeyri-sabit hava şəraiti müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Böyük Qafqazın cənub yamacları boyunca uzanan şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu 10-12 dərəcədən mənfi 2-3 dərəcəyə kimi aşağı düşüb. Yanvarın 13-ü gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.
Bölgədə ən çox qar Qax rayonuna, əsasən də Sarıbaş və İlisu yaşayış məntəqələrinə yağıb. Belə ki, Qaxın dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qarın hündürlüyü 15-20 santimetrdir. Kəndin elektrik enerjisi və təbii qaz təchizatı adi günlərdə olduğu kimi davam edir.
Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC-nin əməkdaşları Qax-İlisu avtomobil yolunu, eləcə də digər kənd yollarını daim nəzarətdə saxlayır, qum və duz səpirlər. Qax-İlisu avtomobil yolunda, eləcə də kənd daxilində nəqliyyatın hərəkətində heç bir çətinlik müşahidə olunmur.