Vüqar Behbudov: Ötən il penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb olunub VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri ilə birgə əməkdaşlıq çərçivəsində müvafiq kateqoriyaya aid olan vətəndaşlara da müxtəlif sosial xidmətlər göstərir. Bu kateqoriyalardan olan şəxslərin sosial mühitə adaptasiyasının və onlar tərəfindən törədilə biləcək residiv cinayətlərin qarşısının alınması üçün sosial reabilitasiyayönümlü fəaliyyət həyata keçirilir. Riskli keys kimi dəyərləndirilən şəxslərə sosial-hüquqi, sosial-psixoloji və sosial-məsləhət yardımı göstərilir. 2025-ci il ərzində ümumilikdə penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb edilib ki, onlardan 73-ü ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxan şəxslər olub.
AZƏRTAC xəbər verir ki, bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, azad edilmiş şəxslərdən 3 nəfər müvəqqəti olaraq penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinə yerləşdirilib. "Ötən il ərzində agentliyin əməkdaşları tərəfindən Penitensiar xidmətin 22 cəzaçəkmə müəssisəsində və 3 istintaq təcridxanasında 388 nəfər anket sorğusu vasitəsilə qiymətləndirilib. Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə 25 nəfər yeniyetmə ilə sosial-psixoloji adaptasiya işi aparılıb. SXA və Penitensiar Xidmətin birgə əməkdaşlığı çərçivəsində 16 saylı cəzaçəkmə müəssisəsində sosial-psixoloji kabinet fəaliyyət göstərir. Həmin kabinet vasitəsilə 2025-ci ildə cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış 82 nəfər məhkum şəxslə ilkin sosial-psixoloji qiymətləndirmə aparılıb. Gələcəkdə bu kimi sosial-psixoloji kabinetlərin sayını artıraraq digər müəssisələri də əhatə etməyi düşünürük", - deyə V. Behbudov vurğulayıb.