Ötən il vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) üçün institusional inkişaf və əmək münasibətlərinin rəqəmsallaşdırılması baxımından mühüm mərhələ olub. İl ərzində vətəndaşlardan daxil olmuş 21 min 897 müraciət araşdırılıb, dövlət və özəl sektordan daxil olan 21 min 675 sorğu cavablandırılıb.
AZƏRTAC xəbər verir ki, bunu DƏMX-in rəisi Vəli Quliyev “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşdırılması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Vəli Quliyevin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində 6 min 897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub, 89 işçi əvvəlki iş yerlərinə bərpa edilib.