Vüqar Əliyev: BDU-da AZƏRTAC-ın xüsusi auditoriyasının açılmasını əməkdaşlığımızın növbəti mühüm addımı kimi qiymətləndirirəm VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Azərbaycanın ən qocaman ali təhsil ocağında - Bakı Dövlət Universitetində çox əlamətdar bir hadisəni qeyd etdik. Burada Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-ın xüsusi auditoriyasının açılışını həyata keçirdik. Mən bunu Bakı Dövlət Universiteti ilə AZƏRTAC arasında mövcud əməkdaşlığın növbəti mühüm addımı kimi qiymətləndirirəm.
Bu sözləri jurnalistlərə açıqlamasında AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev deyib.
“Bakı Dövlət Universiteti ilə AZƏRTAC uzun illərdir ki, çox sıx əməkdaşlıq edir. Universitetdə təhsil alan tələbələr AZƏRTAC-da istehsalat təcrübəsi keçirlər və biz bu ali təhsil ocağından bir çox gənc jurnalisti işə qəbul etmişik, onlarla böyük məmnuniyyətlə çalışırıq. AZƏRTAC-ın xüsusi auditoriyasının açılışı isə həqiqətən çox əlamətdar hadisədir. Ümid edirəm ki, gələcəkdə Bakı Dövlət Universitetinin tələbələri burada yaradılan digər xüsusi auditoriyalarla yanaşı, AZƏRTAC-ın auditoriyasında da böyük həvəslə dərslərdə iştirak edəcək, müxtəlif görüş və yığıncaqlar keçirəcəklər. Bu isə öz növbəsində Bakı Dövlət Universiteti ilə əməkdaşlığımıza yeni bir töhfə olacaq”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Vüqar Əliyev sonda BDU-nun rektoru Elçin Babayevə xüsusi təşəkkürünü bildirərək deyib: “Bu təklif Elçin müəllim tərəfindən irəli sürülüb və biz onu böyük məmnuniyyətlə qəbul etdik. Hər iki tərəfin əməkdaşlarının gərgin və məsuliyyətli fəaliyyəti nəticəsində auditoriya ərsəyə gəlib və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik”.