Ötən il təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə 14 mindən çox sertifikat verilib VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Ötən il təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2 min 696 hüquqi və fiziki şəxsə 14 min 325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinin rəisi Vüsal Ağayev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Agentlik rəisi deyib ki, ötən il texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə isə 5 min 97 işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib.
"Müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə agentlik tərəfindən 1087 ədəd çıxarış, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında isə 3405 ədəd şəhadətnamə verilib. Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib", - deyə o qeyd edib.
Vüsal Agayev, həmçinin vurğulayıb ki, hesabat dövründə agentlik tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə (portala) daxil olmuş müraciətlər əsasında 26 min 192 obyektdə müayinə aparılıb. Bunlardan 25 min 682 obyektin istismarına icazə ilə bağlı müsbət, 510 obyektin istismarına isə mənfi rəy bildirilib.