“ABAD”çı ailənin istehsal etdiyi məhsullar ölkənin ən iri market şəbəkələrində satışa çıxarılır VİDEO
Quba, 10 fevral, Elxan Yusifli, AZƏRTAC
Ağasiyevlər ailəsinin Quba “ABAD Factory”də istehsal etdiyi “Doktorskaya” və toyuq kolbasaları ölkənin ən iri market şəbəkələrində satışa çıxarılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2018-ci ildən ABAD sıralarına qoşulan Fazil Ağasiyev ət məhsulları istehsalçısıdır. O, Quba “ABAD Factory” istehsalat kompleksində kolbasa və sosiska istehsalı ilə məşğuldur.
“Yeddi ildən çoxdur ABAD sıralarına qoşulmuşuq. Qubada “ABAD Factory”də istehsal kompleksi açılandan burada fəaliyyət göstəririk. Özümüzün fermer təsərrüfatımız var. İstehsal prosesində fermamızda saxlanılan heyvanların ətindən istifadə edirik. Burada çalışan peşəkar qida texnoloqlarının orijinal reseptlərinə uyğun 100 faiz təbii, kimyəvi qatqısız və bütün standartlara cavab verən məhsullar istehsal edirik. Burada quraşdırılan istehsal avadanlıqları sayəsində məhsulumuz keyfiyyətli və gözəl alınır. Laborator analizlərinin də elə burada - “ABAD Factory”də keçirilməsi işimizi daha da asanlaşdırıb”, - deyə “ABAD”çı Fazil Ağasıyev söyləyib.

Yeddi ildən artıqdır kolbasa istehsalı ilə məşğul olan Ağasıyevlər ailəsi müasir avadanlıqla tam təmin olunub. “ABAD”çı ailə dadlı məhsul istehsalı üçün yüksəkkeyfiyyətli ətdən və digər ərzaqlardan istifadə edir. Hazırda müəssisədə 10 çeşiddə kolbasa və sosiskalar istehsal olunur.
İstehsal prosesi sifariş əsasında aparılır. Ailə ay ərzində 5-6 ton məhsul hazırlaya bilir. Sifariş əsasında istehsal olunan kolbasalar ABAD bakaleyalarında və ölkənin ən iri market şəbəkələrində satışa çıxarılır.
“ABAD Factory” istehsalat kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” kimi inşa edilib, uzun müddət istismar olunduqdan sonra yararsız vəziyyətə düşüb. 2018-ci ildə bina ABAD publik hüquqi şəxs tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə əsaslı təmir-bərpa işləri aparılaraq müasir avadanlıqlarla təchiz edilmiş istehsalat kompleksinə çevrilib.
Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Hazırda kompleksdə 10 “ABAD”çı ailə 6 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Burada 101 çeşid məhsul istehsal edilir. Çalışanların ümumi sayı 40 nəfərdir.
