DGK sədrinin müavini: Gömrük sahəsində hüquqi münasibətlərin mürəkkəbliyi sistemli və preventiv yanaşma tələb edir VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Gömrük orqanlarının fəaliyyəti yalnız malların, nəqliyyat vasitələrinin və şəxslərin gömrük nəzarətindən keçirilməsi ilə məhdudlaşmır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Güloğlan Muradlı Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən “İnzibati orqanların fəaliyyətində məhkəmə rolu: Təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi (dəyişdirilməsi), inzibati praktikada bərabər yanaşma və etimadın qorunması” adlı ikinci panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, gömrük nəzarəti ilə yanaşı, vergi, sanitar, fitosanitar, ixrac nəzarəti, valyuta nəzarəti və digər dövlət nəzarəti növləri də paralel şəkildə həyata keçirilir. Bu nəzarət mexanizmlərinin əsas məqsədi gömrük ödənişlərinin tam və düzgün toplanması, eləcə də iqtisadi, milli və ictimai təhlükəsizliyin təmin edilməsidir.
Sədr müavini qeyd edib ki, ticarət dövriyyəsinin artması fonunda hüquq pozuntularının sayı da yüksəlməkdədir. Onun sözlərinə görə, ötən il 36 mindən çox gömrük hüquqpozması faktı qeydə alınıb və bu halların bir qismi gömrük orqanlarının fəaliyyəti ilə bağlı məhkəmə mübahisələrinin yaranmasına səbəb olub. Bildirilib ki, bəzi şəxslər qeyri-niyyətli məqsədlərlə dövlət ödənişlərindən yayınmağa və ya digər qanun pozuntularına yol verməyə cəhd göstərirlər: "Bu halların qarşısının alınması məqsədilə DGK tərəfindən institusional və preventiv tədbirlər həyata keçirilir. Gömrük sahəsində yaranan inzibati-hüquqi mübahisələrin məhkəməyə qədər həllini təmin etmək üçün komitənin mərkəzi aparatında müvafiq icraat və struktur bölmələri yaradılıb, ərazi gömrük idarələrində isə təsir və metodiki qruplar formalaşdırılıb, koordinasiya üzrə məsul şəxslər müəyyən edilib”.