Torpağın rəngi çiçəyin rəngini necə dəyişir? - Qortenziyaların yetişdirilmə sirləri REPORTAJ VİDEO
Bakı, 19 iyun, AZƏRTAC
Ən zərif çiçəklərdən hesab olunan qortenziyalar həm görünüşü, həm də qeyri-adi xüsusiyyətləri ilə seçilir. İri və top formalı çiçəkləri ilə diqqət çəkən bu bitkinin rəngi torpağın tərkibindən asılı olaraq dəyişə bilir.
AZƏRTAC-ın əməkdaşları Maştağa qəsəbəsindəki istixanada qortenziyaların yetişdirilmə sirləri ilə tanış olublar.
Vətəni Yaponiya olan qortenziyalar Azərbaycana əsasən Niderlanddan gətirilir. Xalq arasında “yeddi gözəl” adı ilə tanınan bu çiçək rütubətli mühiti sevdiyi üçün elmi adı da “susevər” mənasını ifadə edir. Birbaşa günəş şüalarına həssas olan qortenziyalar istixanalarda xüsusi örtüklər altında, 25-30 dərəcə temperatur şəraitində yetişdirilir.
Aqronom Günel Həmidovanın sözlərinə görə, qortenziyaların rəngi torpağın turşuluq səviyyəsindən birbaşa asılıdır: “Turş torpaqlarda qortenziyalar əsasən mavi rəng alır. Neytral və qələvi torpaqlarda isə ağ və çəhrayı çiçəklər əmələ gəlir. Çəhrayı qortenziyalar rəng dəyişikliyinə daha meyilli olur”.

Mütəxəssis qeyd edir ki, bazarda tələbat daha çox ağ və çəhrayı qortenziyalara olduğundan, təsərrüfatlarda da əsasən həmin sortlar yetişdirilir.
Hazırda istixanalarda qortenziyanın botaniki olaraq iriyarpaqlı və ağacvari növləri becərilir. Burada “verena”, “belling” və xalq arasında “qartopu” kimi tanınan “snowball” sortlarına rast gəlmək mümkündür.
Aqronomun sözlərinə görə, “verena” sortu erkən çiçəkləməsi və yüksək temperatur şəraitinə davamlılığı ilə seçilir. “Snowball” sortu isə ikinci ildən məhsul verməyə başlayır və saxlanma müddətinə görə digər sortlardan daha dayanıqlı hesab olunur.
Uzunömürlü bitkilər sırasında yer alan qortenziyalar dibçəkdə 7-10 il yaşaya bilir. Aqrotexniki qulluq düzgün aparıldıqda bu müddət daha da uzana bilər. Kəsilmiş çiçək formasında isə onların dekorativ görünüşü adətən 5-7 gün qorunur.

Mütəxəssislər qortenziyaların sağlam inkişafı üçün zərərvericilərdən qorunmasının vacibliyini vurğulayırlar. Ən təhlükəli zərərvericilərdən biri qırmızı hörümçəkdir. Yarpağın şirəsi ilə qidalanan bu həşərat fotosintez prosesini zəiflədir. Bundan başqa, xüsusilə rütubətli havalarda yayılan unlu şeh xəstəliyi də bitki üçün ciddi təhlükə yaradır.
Qortenziyaların rənginin dəyişdirilməsi üçün çiçəkləmə dövrünü gözləməyə ehtiyac olmur.
Günel Həmidova deyir ki, qönçələr formalaşmamışdan əvvəl torpağa xüsusi maddələr tətbiq edilir: “Bu məqsədlə istifadə olunan alüminium sulfat torpağın turşuluğunu artıraraq çiçəklərin mavi rəng almasına şərait yaradır. Rəng dəyişikliyi əsasən çəhrayı sortlarda müşahidə olunur. Çiçək formalaşmamışdan əvvəl tətbiq edilən maddələr nəticəsində qortenziyalar sonradan mavi rəngdə açır”.
Qortenziyalarda yığım mərhələsi çiçəklərin tam açılması ilə başlayır. Çiçək toplarının daxilindəki qönçələr tam açıldıqdan sonra yığım aparılır. Dərilən güllərin aşağı hissəsindəki yarpaqlar kəsilir və onlar 2-4 dərəcə temperaturda soyuducularda saxlanılır.
Bir çiçəyin rəngi bəzən torpağın xüsusiyyətlərindən, gözəlliyi isə ona göstərilən qayğıdan asılı olur. Qortenziyalar da bunun ən gözəl nümunələrindən biridir.