Astanada Azərbaycan ədəbiyyatı guşəsi - Oxucular ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olurlar VİDEO
Astana, 30 iyul, AZƏRTAC
Qazaxıstanın Milli Akademik Kitabxanası yalnız böyük bilik mərkəzi deyil, eyni zamanda, müxtəlif xalqların mədəniyyəti ilə tanışlıq üçün mühüm məkandır. Burada Azərbaycan ədəbiyyatı guşəsi fəaliyyət göstərir. Guşədə bədii əsərlərlə yanaşı, ölkənin tarixi, dövlətçilik ənənələri və müasir inkişafı haqqında nəşrlər təqdim olunur.
AZƏRTAC xəbər verir ki, kolleksiya oxuculara Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında daha dolğun təsəvvür əldə etməyə imkan yaradır.
Kitabxananın əməkdaşı Alma Ayupova bildirib ki, Qazaxıstanın Milli Akademik Kitabxanası 2004-cü ildə yaradılıb.
Hazırda kitabxananın fondu müxtəlif elm sahələrinə aid 1,5 milyona yaxın kitabdan ibarətdir və hər il yeni nəşrlərlə zənginləşdirilir.

O qeyd edib ki, Azərbaycan haqqında kitablar fondda xüsusi yer tutur. Oxucular ölkənin tarixini, siyasi, iqtisadi və mədəni həyatını əks etdirən nəşrlərlə tanış ola bilərlər.
Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyev haqqında nəşrlər təqdim olunur. Burada, həmçinin Bakının tarixinə, Azərbaycanın qədim və müasir şəhərlərinə həsr edilən kitablar da yer alır.

Alma Ayupovanın sözlərinə görə, kitabxana fəaliyyətə başladığı ilk illərdən Azərbaycanın Qazaxıstandakı səfirliyi və Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində fond mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilir.
2024-cü ildə Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qazaxıstanın Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Hazırda Azərbaycan ədəbiyyatı guşəsində klassik və müasir ədəbiyyata aid 260-dan çox nəşr təqdim olunur.

Kitabxanada qazaxıstanlı yazıçı və şairlərin Azərbaycan dilinə tərcümə edilən əsərləri də yer alır. Bu və digər nəşrlər haqqında məlumatı kitabxananın rəsmi saytından əldə etmək mümkündür. Azərbaycan haqqında ədəbiyyat Qazaxıstan Milli Elektron Kitabxanasının portalında elektron formatda da təqdim olunur.
Kitabxananın əməkdaşı Möldir Baymaxanbetova AZƏRTAC-ın müxbirini nadir kitab fondunun və yazı, eləcə də kitab nəşri tarixini əks etdirən ekspozisiyaların təqdim olunduğu Kitab Muzeyi ilə tanış edib.

Onun sözlərinə görə, muzeydə ziyarətçilər üçün yazılı mədəniyyətin tarixini və müxtəlif xalqların ədəbi irsini əks etdirən tematik sərgilər mütəmadi olaraq təşkil edilir.
Ekspozisiyanın ayrıca bir hissəsi türk dövlətlərinə, o cümlədən Azərbaycana həsr olunub. Burada 2024-2025-ci illərdə Bakıda nəşr edilən kitablar nümayiş olunur.
Onların arasında Məhəmməd Füzulinin qəzəl və qəsidələri, Darxan Kıdıralının “Daşa həkk olunan tarix” kitabı, eləcə də Məhtimqulu Fəraqinin Bakıda nəşr edilən əsərləri yer alır.

Möldir Baymaxanbetova vurğulayıb ki, bu kitablar ziyarətçilərə türk xalqlarının ədəbi və mədəni irsi ilə daha yaxından tanış olmağa, onlar arasında mövcud olan mənəvi bağları daha yaxşı anlamağa imkan verir.
Kitabxananın əməkdaşlarının sözlərinə görə, Azərbaycan haqqında kitablar Qazaxıstanla Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verən özünəməxsus dostluq körpüsü rolunu oynayır.