Rəşad Əzizov: Kino istehsalının inkişafı istiqamətində birgə fəaliyyət vacibdir VİDEO
Bakı, 31 iyul, AZƏRTAC
Kino sahəsi dövlət rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdə islahatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov deyib.
O qeyd edib ki, hazırda xarici istehsalçıların Azərbaycana böyük maraq göstərməsi sevindirici haldır.
“Artıq iri Hollivud layihələri də ölkəmizə gəlir. Ümid edirik ki, bu dinamika davam edəcək. Bunun üçün isə kino ictimaiyyətinin bir araya gələrək kino istehsalının inkişafı istiqamətində birgə fəaliyyət göstərməsi vacibdir.
Ümumilikdə kino gəlir gətirməlidir. Lakin sənətin inkişafı üçün onun ətrafında bu sahəyə xidmət edən güclü sənaye formalaşmalıdır və bu, müəyyən zaman tələb edir. Bəzi filmlər gəlir gətirir, bəziləri isə gözlənilən nəticəni tam doğrultmaya bilər. Burada tamaşaçı marağı həlledici rol oynayır”,- deyə R.Əzizov əlavə edib.