45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (keçmiş N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu) 1981-ci il məzunları 45 ildən sonra, mayın 9-da bir araya gəldilər.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru Məlahət Sultanova 1981-ci il məzunlarının ölkənin səhiyyə sisteminə verdiyi töhfələrdən danışıb. O, məzunların Birinci və İkinci Qarabağ müharibələri zamanı yaralı əsgər və zabitlərin həyatının xilas olunmasında göstərdikləri fədakar xidmətləri xüsusi vurğulayıb. Prorektor məzunlardan 2 nəfərin - Muxtar Qasımov və Çingiz Mustafayevin Birinci Qarabağ müharibəsində şəhid olduğunu və onlara Azərbaycanın Milli Qəhrəmanı adı verildiyini xatırladıb.
Bununla yanaşı, prorektor COVID-19 pandemiyası dövründə 1981-ci il məzunlarının da digər həmkarları kimi apardıqları mübarizəni yüksək qiymətləndirərək onların peşə borcuna sədaqətinin və insan həyatına bağlılığının cəmiyyət üçün örnək olduğunu qeyd edib.
Daha sonra müəllimlər və məzunların çıxışları dinlənilib. Görüşdə illərin xatirələri vərəqlənib, tələbəlik illərinin unudulmaz anları yenidən yada salınıb. Çıxışlar zamanı 45 il əvvəl onların əmək fəaliyyətinə başlamasının universitetin 50 illik yubileyinə təsadüf etdiyi, həmin münasibətlə keçirilən tədbirdə çıxış edən Ulu Öndər Heydər Əliyevin məzunlara xeyir-dua verdiyi xüsusi vurğulanıb.
Vaxtilə eyni auditoriyalarda elm öyrənən, insan sağlamlığı naminə çiyin-çiyinə çalışan həkimlər bu gün də peşələrinə və dostluqlarına sədaqətin ən gözəl nümunəsini nümayiş etdiriblər. Səmimi söhbətlər, duyğulu anlar və nostalji ilə müşayiət olunan görüş iştirakçılarında xoş təəssüratlar yaradıb.
45 illik həyat və peşə yolu bir daha göstərdi ki, əsl tələbə dostluğu və həkim həmrəyliyi illər keçsə də dəyişmir.