Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir
Balakən, 9 may, AZƏRTAC
Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş "Azərbaycan memarlığında Heydər Əliyev imzası” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda rayon icra hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, məktəb direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib. Sonra "Azərbaycan memarlığında Heydər Əliyev imzası” adlı film nümayiş etdirilib.
Konfransı açan Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov bildirib ki, müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyev bu gün bütün dünyaya səs salmış müasir və müstəqil Azərbaycanın qurulması, inkişafı və tərəqqisində əvəzsiz rol oynayıb, ictimai-siyasi, sosial-iqtisadi fəlakət astanasında olan Azərbaycanı uçurumdan, yox olmaqdan, daxili çəkişmələrdən xilas edib. Qeyd olunub ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda memarlıq üslubunun qorunmasına böyük həssaslıqla yanaşıb. Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir. Onun rəhbərliyi illərində həyata keçirilən quruculuq işləri həm Bakının, həm də regionların simasını əsaslı şəkildə dəyişdirib.
Mövzu ətrafında digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və xilaskarlıq missiyasından bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ildən başlayaraq şəhərsalma sahəsində sistemli islahatlar həyata keçirilib. Həmin dövrdə Bakının Baş planı yenidən işlənilib, geniş prospekt və yolların çəkilməsi bilavasitə onun adı ilə bağlı olub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən sovet ideologiyasının məhdudiyyətlərinə baxmayaraq, milli ornamentlərin memarlıq nümunələrinə daxil edilməsi cəsarətli və uzaqgörən addım idi.
Sonra konfrans iştirakçıları rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyası, Ulu Öndərə həsr edilən foto və kitablardan ibarət sərgilərlə tanış olublar.
Müxbir - Rasim İslamoğlu