Ulu Öndərin xatirəsinə həsr olunan stolüstü tennis turnirində 17 məktəbli mübarizə aparıb
Bakı, 9 may, AZƏRTAC
153 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş stolüstü tennis turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 17 məktəbli iştirak edib.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Babayeva bildirib ki, Heydər Əliyev hər zaman gənclərin sağlam və vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirib. O vurğulayıb ki, idman sağlam həyatın əsas amillərindən biridir və bu cür yarışlar məktəblilərin fiziki inkişafı ilə yanaşı, onların dostluq, həmrəylik və rəqabət bacarıqlarının formalaşmasına da müsbət təsir göstərir.
Dövlət Himni səsləndirildikdən sonra mükafatlandırma mərasimi təşkil olunub. Uşaqlara medal, kubok, sertifikat və hədiyyələr təqdim edilib.
Turnirə 3 saylı Uşaq evi sosial xidmət müəssisəsindən uşaqlar da qatılıblar.
Qeyd edək ki, turnirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, həmçinin Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanması olub.
Fotoqraf - Aydın Məmmədov