İDMAN
İsveçrədə “robot insanların” Olimpiadası keçiriləcəkdir VİDEO
Bakı, 31 mart (AZƏRTAC). İki gün sonra İsveçrənin Sürix şəhərində fiziki imkanları məhdud olan idmançıların yarışları - “Kibatlon” keçiriləcəkdir. Paralimpiya oyunlarından fərqli olaraq, “Kibatlon”un iştirakçılarının ən qabaqcıl yardımçı cihazlardan, o cümlədən robotlaşdırılmış protezlərdən istifadə etmələrinə icazə veriləcəkdir. “Kiberatletlərin” texniki cəbbəxanası, əslində, məhdudiyyətsiz olacaqdır.
“Kibatlon” iştirakçıları müxtəlif tapşırıqları yerinə yetirərkən, maneələri dəf edərək, sürət və çeviklikdə yarışacaqlar.
Yürüş və qaçışda ekzoskeletlərdən və əzələlərin elektrostimulyasiyasından, bionik əl-ayaq protezlərindən, əlil arabalarından və mexaniki ötürücüsü olan velosipedlərdən istifadə oluna bilər.
”Kibatlon”un saytında deyilir: “Yalnız qurğu istehsalçılarını innovasiyalı və güclü vasitələrin yaradılmasına sövq etmək üçün cüzi məhdudiyyət qoyulacaqdır”.
Yarışlar 2016-cı il oktyabrın 8-də altı növ üzrə keçiriləcəkdir. Yarış növlərindən biri idmançının neyrointerfeysə qoşulmasını nəzərdə tutur. Xüsusi sayğaclar beyinin elektroensefaloqramını hesablayıb, insanın fikirlərini komandalar şəklinə salacaq, ona monitordakı “avatarını” idarə etmək imkan verəcəkdir.
Beləliklə, hətta hərəkət qabiliyyətindən tamamilə məhrum olan insanlar da “Kiberatlon”da iştirak edə biləcəklər.
Olimpiadada təkcə “kiberatletlər” deyil, həm də onları yarışlara çıxaran, protez, proqram təminatı və digər texnologiya işləyib hazırlayan şirkətlər mükafatlandırılacaqdır.