DÜNYA
5G mobil rabitə şəbəkəsi Comolunqma dağında
Pekin, 1 may, AZƏRTAC
Comolunqma dağının Çin ərazisinə düşən hissəsində dəniz səviyyəsindən 6500 metr yüksəklikdə 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) üçün baza stansiyası quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu, dünyada 5G şəbəkəsi üzrə baza stansiyasının quraşdırıldığı ən hündür nöqtədir. Çinin ən böyük mobil rabitə operatoru “China Mobile” şirkətinin mütəxəssisləri baza stansiyasını Tibet muxtar rayonunda, Comolunqma (Everest) zirvəsinə gedən şimal marşrutunun düşərgəsində quraşdırıblar.
“China Mobile” şirkətinin Tibet filialının meneceri Cou Min deyib ki, baza stansiyası daha əvvəl 5300 və 5800 metr yüksəklikdə quraşdırılmış digər baza stansiyaları ilə birlikdə Comolunqma dağının şimal hissəsində və zirvəsində alpinizm, elmi tədqiqat və ətraf mühit fəaliyyətləri üçün daha keyfiyyətli telekommunikasiya xidmətlərini təmin edəcək.
Qeyd edək ki, Çin-Nepal sərhədində yerləşən Comolunqma dağının şimal hissəsi Çinin Tibet muxtar rayonunun Siqacı prefekturasının ərazisidir. Dünyanın ən yüksək zirvəsinə 2 əsas istiqamətdə ekspedisiyalar təşkil olunur. Bunlardan biri Nepal ərazisindən cənub-şərq marşrutu (“standart marşrut” kimi tanınır), digəri isə Çin ərazisində şimal marşrutudur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin