Azərbaycan güləşçisi Cəbrayıl Həsənov Avropa çempionatında gümüş medal qazanmışdır VİDEO
Bakı, 4 aprel (AZƏRTAC). Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə 74, 125 kiloqram çəki dərəcələrində sərbəst, 55 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparmışlar.
Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində təmsil olunsalar da millimiz bir gümüş medal qazanmışdır.
Çempionatda 74 kiloqram çəki dərəcəsində mübarizə aparmış Cəbrayıl Həsənov səkkizdəbir finalda Alberto Martineslə (İspaniya) qarşılaşmış və 84 saniyə ərzində 10:0 hesablı qələbə qazanmışdır. Dörddəbir finalda İsveçrə güləşçisi Stefan Reyxmut üzərində vaxtından əvvəl qələbə qazanan idmançımız yarımfinala yüksəlmişdir. Finala gedən yolda türkiyəli Soner Demirtaşla görüşdə 2:0 hesabı ilə geridə olmasına baxmayaraq, “boxça” fəndi ilə rəqibinin kürəyini yerə vuran güləşçimiz finala vəsiqə qazanmışdır. Finalda Rusiya güləşçisi Ənvər Qeduyevlə gərgin görüşdən məğlub ayrılan C.Həsənov gümüş medala sahib olmuşdur.