İDMAN
Antalyada “Bakı – 2015” Avropa Oyunlarının təqdimatı keçiriləcəkdir VİDEO
Antalya, 7 aprel (AZƏRTAC). Aprelin 6-dan 11-dək Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman nümayəndəsinin iştirak etdiyi V Beynəlxalq “SportAccordConvention” konvensiyası keçirilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, “Bakı – 2015” Avropa Oyunlarının əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr və başqaları iştirak edəcəklər.
Aprelin 8-də tədbir çərçivəsində 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı olacaqdır. Təqdimatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov edəcəkdir.
A.Rəhimov, K.Nurullayeva və Cim Şerr Bakı şəhərinin oyunlara son hazırlıq durumu ilə bağlı məruzə ilə çıxış etməklə yanaşı, Milli Olimpiya komitələrinin nümayəndələrini maraqlandıran suallarını cavablandıracaqlar.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcəkdir. İlk Oyunlarda idmanın 19 növü üzrə 6 minədək idmançı qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma – 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika – 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir.
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaqdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Antalya