Karate üzrə Azərbaycan millisi komanda kumite yarışlarında Avropa çempionatının qalibi olmuşdur VİDEO
Bakı, 5 may (AZƏRTAC). Karate üzrə Azərbaycan millisi Finlandiyanın Tampere şəhərində 39-cu Avropa çempionatında komanda kumite yarışlarında qalib olmuşdur.
AZƏRTAC xəbər verir ki, Əməkdar Məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi altında Asiman Qurbanlı, Niyazi Əliyev, Tural Ağalarzadə, Şahin Atamov, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız çempionluq yolunda 4 güclü rəqibinə qalib gəlmişdir.
İdmançılarımız Latviya komandasını 3:0, Serbiya yığmasını 2:1, yarımfinalda isə Hollandiya kollektivini 2:0 hesabı ilə məğlub etmişlər. Finalda Türkiyə millisi ilə görüşdə 2:2 hesabı qeydə alınsa da, xal fərqində üstün olan karateçilərimiz tarixində ilk dəfə komanda kumite yarışlarında Avropa çempionu olmuşlar.
Fərdi kumite yarışlarında Şahin Atamov (84 kq), Niyazi Əliyev (67 kq) gümüş, Nuranə Əliyeva (50 kq) isə bürünc medala sahib olmuşlar.
Ümumi komanda hesabında Azərbaycan millisi dördüncü olmuşdur.
Azərbaycan Karate Do Federasiyaları Assosiasiyasının nümayəndəsi Yaqub Babazadə və federasiyanın baş sponsoru, Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən qaliblərə pul mükafatı təqdim olunmuşdur.
Zədəli olsa da sonadək döyüşən Ayxan Mamayevə və ilk dəfə qadınlar arasında bürünc mükafat qazanan Nuranə Əliyevaya ABB tərəfindən təsis edilmiş “Əzmkar döyüşçü” mükafatı da təqdim edilmişdir.
Milli komandamız mayın 6-da Vətənə dönəcəkdir.