CƏMİYYƏT
Hərbi xidmətə yola düşən göyçaylı gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq tövsiyə edilib VİDEO
Göyçay, 17 iyul (AZƏRTAC). Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı müvafiq Sərəncamına əsasən, iyulun 17-də Göyçay şəhərində gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, çağırışçı gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, müharibə veteranları, hərbçilər, valideynlər və gənc çağırışçılar iştirak ediblər.
Tədbirdə hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğu diqqətə çatdırılıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirmək tövsiyə edilib. Gənclərin hərbi xidmətə böyük həvəslə getmələri ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, son illərdə rayonun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini göstərir.
Tədbirdə çıxış edən Böyük Vətən və Qarabağ müharibələri veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulayıblar.
Çağırışçı gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bölməsinin həkim komissiyası tərəfindən tibbi müayinədən keçiblər.
Tədbir rayon musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib. Çağırışçı gənclər musiqi sədaları altında rəqs edərək şənləniblər.
Sonda 30 nəfər çağırışçı gənc Azərbaycanın üçrəngli bayrağını öpüb, müqəddəs Qurani-Kərimin altından keçərək hərbi hissələrə yola düşüb.