CƏMİYYƏT
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir VİDEO
Tərtər, 11 avqust (AZƏRTAC). Tərtər rayonunun ərazisinin 53 kilometrlik hissəsi qoşunların təmas xəttində yerləşir.
Ermənistan hərbi birləşmələri tərəfindən rayonun Qapanlı, Qazyan, Hüsənli, Dəmirçilər, Borsunlu kəndləri istiqamətində atəşkəs rejimi hər gün pozulur. Lakin buna baxmayaraq cəbhəyanı kəndlərdə vəziyyət sabitdir. Həyat öz axarı ilə davam edir.
AZƏRTAC xəbər verir ki, təmas xəttinə yaxın məsafədə yerləşən kəndlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu kəndlərin əksəriyyəti elektrik enerjisi, təbii qaz, içməli su, rabitə ilə təmin olunub, kəndarası küçələrdə gecə işıqlanması quraşdırılıb.
Dəmirçilər kəndinin yolunun asfaltlanması başa çatdırılıb. Hazırda Qapanlı kəndinin yoluna asfalt örtüyü salınır. Dəmirçilər və Borsunlu kəndlərinin təbii qazla təmin etmək üçün tədbirlər görülür. Borsunlu, Hüsənli, Qazyan kəndlərinin yolları çınqıl örtüyü ilə bərpa edilib. Bu kənd yollarının da yaxın vaxtlarda asfaltlanması nəzərdə tutulur.
Hər gün düşmən təxribatı ilə üzləşən cəbhəyanı kəndlərin əhalisi nikbinliyini itirmir, Azərbaycan ordusuna güvənərək gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olur.