İQTİSADİYYAT
Azərbaycan ilə Çin arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb VİDEO
Pekin, 19 may, AZƏRTAC
Pekində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənəd Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində imzalanıb.
İmzalanma mərasimindən əvvəl Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sədri Siao Qan ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daim inkişaf etdiyi, maliyyə sektorunun əsas sahəsi olan qiymətli kağızlar sferasının qarşılıqlı əməkdaşlığa töhfə verdiyi diqqətə çatdırılıb.
R.Aslanlı Azərbaycanda beynəlxalq standartlara uyğun, beynəlxalq kapital bazarlarına inteqrasiya olunmuş qiymətli kağızlar bazarının formalaşdığını və bu sahədə aparılan islahatlar sayəsində son illərdə uğurlu nəticələr əldə olunduğunu bildirib.
Komitə sədri Çin ilə müvafiq sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin, maliyyə bazarlarına səmərəli nəzarət sisteminin təşkili və bu bazarlara dair effektiv məlumat mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sədri Siao Qan ölkəsinin müvafiq sahədə təcrübəsi haqqında danışıb, əldə olunan nailiyyətləri qeyd edib. O, əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
İmzalanmış memorandumun məqsədi kommunikasiya üçün imkanlar da daxil olmaqla əməkdaşlıq çərçivəsini, qarşılıqlı anlaşma, həmçinin tənzimləyici və texniki məlumat mübadiləsini gücləndirməklə investorların müdafiəsini və qiymətli kağızlar, fyuçers və digər müvafiq investisiya alətləri bazarlarının bütövlüyünü təşviq etməkdən ibarətdir.
Səfər çərçivəsində Çinin aparıcı fond birjasının rəhbərliyi ilə görüş keçirilib və qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin