İQTİSADİYYAT
Hövsan yolunun 1,2 kilometrlik hissəsi yenidən qurulub VİDEO
Bakı, 29 may, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Hövsan yolunun 1,2 kilometrlik hissəsi yenidən qurulub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bu işlər “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı tədbirlər çərçivəsində həyata keçirilib.
Məlumata görə, Hövsan yolu iki istiqamətə olmaqla 6 zolaqdan ibarətdir. Ayrıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 metr olmaqla yolun ümumi eni 35 metrdir. Yol boyu hər iki tərəfdə 2 metr enində səkilər də qurulub. Ümumilikdə 37 min kvadratmetr sahəyə asfalt-beton örtüyü döşənib, yol boyu 2600 paqonmetr səki daşı düzülüb. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün 400 metr uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.
Ərazidə yeni dairə də inşa edilib. “BakuBus” avtobuslarının dairə vasitəsi ilə geriyə hərəkət etməklə dayanacağa daxil olması təmin edilib. Bundan başqa yenidən qurulmuş yolla nəqliyyat vasitələri avtomobil tunelindən keçməklə şəhər istiqamətinə, sağ qanadla hərəkət etməklə isə “Beton yol”a çıxaraq Mərdəkan istiqamətinə rahat və maneəsiz şəkildə hərəkət edə bilərlər.
Sözügedən yolda son tamamlanma işləri həyata keçirilir. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətlərin çəkilişi aparılır, yol kənarları abadlaşdırılır.
Nobel prospekti və Zığ dairəsində də abadlıq işləri görülür. Prospekt boyunca yol cizgi və yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri həyata keçirilib, ayrıcı zolaqlar və yol kənarları isə abadlaşdırılır.