İQTİSADİYYAT
Azərbaycan haqqında seminarda yapon iş adamlarına Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə də məlumat verilib VİDEO
Tokio, 5 iyun, AZƏRTAC
İyunun 4-də Tokionun tanınmış biznes mərkəzlərindən biri olan Şincuku rayonunda, “HİS” turizm şirkətinin ofisində keçirilən “Azərbaycan-gələcəyin ölkəsi” adlı seminarda yapon iş adamlarına birinci Avropa Oyunları barədə də məlumat verilib.
Seminarda çıxış edən “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, sentyabrda yapon iş adamlarından ibarət növbəti qrupun Azərbaycana işgüzar səfəri planlaşdırılır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını regionun sürətlə inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.
Seminarda karbohidrogen ehtiyatlarının mənimsənilməsində Azərbaycanın əldə etdiyi uğurlar, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələri barədə geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, son illərdə Azərbaycanda ümumi daxili məhsulun həcmi dəfələrlə artıb və bu, ölkənin sürətli inkişafını təsdiqləyən mühüm faktdır. Qeyd edilib ki, Qarabağ müharibəsinin yaratdığı ciddi problemlərə baxmayaraq, Azərbaycan qısa zaman kəsiyində nəinki sürətli inkişafa nail olub, eyni zamanda, dünyanın bir çox ölkələrinə maliyyə yardımı göstərən, investisiyalar yönəldən qabaqcıl dövlətə çevrilib.
Azərbaycanın bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdığı, cari ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin artıq başa çatdırıldığı seminar iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, iyunun 12-dən 28-dək davam edəcək yarışlarda Avropanın 57 ölkəsini təmsil edən 6000-dən çox idmançının iştirakı gözlənilir. Azərbaycanda bu yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yatadılıb, yeni idman obyektləri inşa olunub, infrastruktur layihələri həyata keçirilib.
İştirakçılara Azərbaycanda icra edilən nəhəng layihələr barədə də məlumat verilib. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.
Seminarda Azərbaycanın sosial-iqtisadi uğurlarını əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycanın Yaponiyadakı səfirliyinin nümayəndəsi ölkəmizdə biznes imkanları, investisiya qoyuluşunun mənfəətli olması barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması istiqamətində son illər mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
Sonda seminar iştirakçılarının sualları ətraflı cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio