Heydər Əsədov: İtaliya iş adamlarının Azərbaycanda kənd təsərrüfatı sektorunda uğurla fəaliyyət göstərməsi üçün yaxşı potensial var VİDEO
Roma, 8 iyun, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Romada keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Konfransının 39-cu sessiyasında iştirakı çərçivəsində İtaliyanın “Adnkronos” xəbər agentliyinə müsahibə verib.
Nazir Azərbaycan ilə İtaliya arasında kənd təsəsrrüfatı sahəsindəki əlaqələrdən, “Milan Expo 2015” beynəlxalq sərgisində ölkəmizin iştirakından və respublikamızda bu sektorun inkişaf perspektivlərindən danışıb. Nazir deyib: “Bu sərginin yüksək səviyyədə təşkili bizdə böyük təəssürat yaratdı. Tədbirdəki Azərbaycan pavilyonu ideyasına görə qeyri-adi bir məkandır. Pavilyonumuz ziyarətçilərin sayına görə ön sıralardadır. Hesab edirəm ki, bu cür tədbirlər müntəzəm olaraq təşkil olunmalıdır. Beynəlxalq əməkdaşlıq üçün bir platforma rolunu oynayan belə sərgilər ölkələrin nailiyyətlərini və gələcək planlarını nümayiş etdirmək üçün yaxşı fürsətdir”.
İtaliyalı iş adamlarının Azərbaycanda kənd təsərrüfatı sektorunda uğurla fəaliyyət göstərməsi üçün yaxşı potensialın olduğunu vurğulayan nazir qeyd edib: “Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Bu əməkdaşlığın kənd təsərrüfatı sahəsinə də müsbət təsir göstərməsini istəyirik. İtaliya texnologiyasının Azərbaycanda kənd təsərrüfatı sahəsində tətbiqi üçün böyük maraq və geniş imkanlar var”.
Cari ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyini deyən nazir bu sahənin davamlı inkişafının ölkəmizdə əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O vurğulayıb: “Kənd təsərrüfatı sahəsində qısa, orta və uzunmüddətli inkişaf hədəflərimiz və strategiyalarımız artıq hazırdır. Əsas məqsədimiz əhalini daxili istehsalat hesabına kənd təsərrüfatı məhsulları ilə tam təmin etməkdir. Digər bir məsələ isə təhlükəsiz və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalıdır. Bu istiqamətdə də artıq bir neçə layihələr hazırlanıb. Önəmli amillərdən biri də müvafiq sektorda texniki bacarıqların təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsidir”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma