DÜNYA


ABŞ Dövlət Departamenti Kuba vətəndaşlarına beşillik turist vizalarının verilməsini dayandırır

Vaşinqton, 17 mart, AZƏRTAC

ABŞ Dövlət Departamenti elan edib ki, Birləşmiş Ştatlar Kuba vətəndaşları üçün B2 turist vizasının qüvvədəolma müddətini üç aya qədər azaldacaq və bu müddətdə onların ABŞ-a yalnız bir dəfə gəlməsinə icazə veriləcək. Əvvəllər kubalılara beş illik viza almaq və bu müddətdə dəfələrlə ABŞ-a gəlmək hüququ verilirdi.

B2 kateqoriyalı viza turist kimi, ailəvi, müalicə və digər məqsədlər üçün səfərləri əhatə edir. Kubalı sahibkarların çoxu bu vizalardan istifadə etməklə qohumlarına baş çəkməklə yanaşı, öz müəssisələri üçün zəruri materiallar alırdılar.

Tramp administrasiyasının fikrincə, Kuba hökuməti ABŞ vətəndaşlarına analoji imkanlar vermir. ABŞ-ın immiqrasiya qanunvericiliyinə görə tələb edilir ki, ABŞ vizalarına görə rüsumlar və bu vizaların qüvvədəolma müddətləri praktikada mümkün qədər qarşılıqlı formatda olmalıdır. ABŞ Dövlət Departamentinin press-relizində bildirilir ki, hazırda Kubaya gələn ABŞ vətəndaşlarının bu ölkəyə bir dəfə, iki aya qədər müddətə gəlməsinə və əlavə 50 dollar ödəməklə orada qalma müddətini 30 günə qədər uzatmalarına icazə verilir.

Dövlət Departamentinin bəyanatında göstərilir ki, Kuba vətəndaşları tərəfindən alınan digər kateqoriyalı vizalar barəsində dəyişiklik yoxdur. Buraya ezamiyyələr və ABŞ-da keçirilən tədbirlərdə iştirak etmək üçün, habelə akademik proqramlar üçün səfərlər aiddir.

Prezident Donald Tramp turizm və ticarət sahəsində Kuba ilə qarşılıqlı münasibətləri məhdudlaşdırmaq niyyətində olduğunu hələ 2017-ci ilin iyun ayında bildirib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.