CƏMİYYƏT


Azərbaycan Milli Qəhrəmanı Şahlar Şükürova həsr edilən filmin təqdimatı olub

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürova həsr olunmuş “Bir elin Şahları” filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək Milli Qəhrəman Şahlar Şükürovun şərəfli həyat yolundan danışıb. Bildirib ki, Şahlar Əvəz oğlu Şükürov 1952-ci il mayın 17-də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Rostovda Ali Polis Akademiyasını bitirən Ş.Şükürov daxili işlər orqanlarında fəaliyyətə başlayıb və polis mayoru rütbəsinə qədər yüksəlib. O, 1990-cı ildə Tərtər-Kəlbəcər yolunun Ağdərə ərazisindən keçən hissəsində hərəkət edən maşın karvanında düşmənin qəfil hücumu ilə qarşılaşıb. Bu qeyri-bərabər döyüşdə Ş.Şükürov qəhrəmanlıq nümayiş etdirərək həlak olub. Bu qanlı hadisə vaxtı Milli Qəhrəmanımızla yanaşı, Aşıq Şəmşirin qızı Çimnaz xanım da qətlə yetirilib. Düşmənin xaincəsinə törətdiyi qəfil hücumun qarşısını alarkən göstərdiyi şücaətə görə Şahlar Şükürova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə Azərbaycan torpaqlarının bütövlüyü və azadlığı uğrunda canını fəda etmiş qəhrəman övladlarımız haqqında filmlərin gənc nəslin hərbi vətənpərvərlik ruhunda formalaşmasındakı rolundan danışıb.

Sonra Milli Qəhrəmana həsr olunmuş “Bir elin Şahları” adlı film nümayiş etdirilib.

Tədbirdə filmin ssenari müəllifi Qorxmaz Şıxəliyev, rejissoru Vəli Səyyadi, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov, şair, fəlsəfə doktoru Adil Cəmil, şair Zakir Fəxri, polkovnik Balay Nəsibov çıxışlarında Qəhrəmanın hər kəsə nümunə olan ömür yolundan bəhs edib, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rol oynadığını vurğulayıblar.

Milli Qəhrəmanın qardaşı Malik Şükürov çıxış edərək qardaşı haqqında filmin çəkilişində xidməti olanlara, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə ailəsi adından minnətdarlığını bildirib. M.Şükürov şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirin sonunda Milli Qəhrəman Ş.Şükürovun ömür yolunu əks etdirən “Bir elin Şahları” filminin ərsəyə gəlməsində xidmətləri olan bir sıra şəxslər “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Təşəkkürnamə”ləri ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.