SİYASƏT
Baş konsul Nəsimi Ağayev Los-Anceles Konsulluq Korpusunun sədri təyin olunub
Los-Anceles, 30 noyabr, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los-Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunaraq, noyabrın 29-dan səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, LAKK ABŞ-ın Los-Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu-York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.
LAKK-ın duayeni Los-Ancelesdə fəaliyyət göstərən bütün Konsulluq Korpusunu təmsil edir və buradakı şəhər, ştat və federal qurumlarla, eləcə də digər təşkilatlarla korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.
Baş konsul Nəsimi Ağayev noyabrın 29-da Los-Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq, öz müxtəlifliyi və multikulturalizmi ilə seçilən Los-Anceles şəhərində Konsulluq Korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə korpusun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.
Qeyd olunmalıdır ki, 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğu Kaliforniya ştatı da daxil olmaqla, ABŞ-ın 13 qərb ştatına məsuldur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles